TƏBİB ləğv edilir, əslində doğru olan da budur - Natiq Cəfərli

  • Mənasız qurumlar, agentliklər də ləğv ediləcək

“Mənə çox maraqlıdır, yəqin ki, bir zaman kimlərsə TƏBİB-in yaradılması üçün təkliflər veriblər, bu işin, yaxşı mənada, lobbiçiliyini qurublar. İndi isə TƏBİB ləğv edilir, yenidən bütün səlahiyyətlər Səhiyyə Nazirliyinə verilir. Əslində doğru olan da budur – istənilən sahə bir mərkəzdən, eyni məntiqlə idarə olunmalıdır”.

Bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur. Sosial şəbəkə üzərindən paylaşım edən N.Cəfərli TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini doğru hesab edir. Lakin bəzi sualların hələ də açıq qaldığını vurğulayır: 

- Yaxşı, indi həmin lobbiçilər yanlış və effektsiz təklifə (elə olmasaydı indi ləğv edilməzdi) görə məsuliyyət daşıyırlarmı?! Yeni qurumun yaranması üçün israf olunan büdcə pullarının hesabatını verə bilərlərmi?! 2018-ci ildən bəri xərclənən vəsaitin (inzibati xərcləri deyirəm) miqdarı nə qədər olub?! Həmin xərclərə bu 8 ildə neçə yeni xəstəxana tikmək, neçə yeni həkimi işə götürmək olardı?! Ölkədə qərar verilməsi üçün müxtəlif təqdimat edənlərin səlahiyyəti ilə yanaşı məsuliyyətləri də mütləq olmalıdır. Bir gün yol infrastrukturu, nəqliyyatla məşğul olan müxtəlif qurumlar da eyni ilə bir mərkəzdə birləşdiriləcək – təmərküzləşmə, idarəetmənin effektivliyinin artırılması üçün bu addımlar atılacaq. Son illərdə həddən artıq sıx tənzimləmə üçün yaradılmış mənasız qurumlar, agentliklər də ləğv ediləcək – iqtisadi azadlıqların genişlənməsi, iqtisadi böyümənin qarşısında olan əngəllərin götürülməsi üçün bu çox vacibdir.