Azərbaycanda dini-milli tolerantlıq ən yüksək səviyyədədir
Biz qonşu ölkələrdə eyni mənzərəni görmək istəyirik
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən sayılır. Ölkəmizdə multikulturalizm dövlət siyasətidir. Milli azlıqların etnik-mədəni dəyərləri daim qorunur, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Azərbaycan dünya təcrübəsində uğurla sınaqdan keçmiş ümumbəşəri dəyərlərdən faydalanmağa çalışır. Özünün geniş iqtisadi potensialını hərəkətə gətirmək məqsədilə əsas güc mərkəzlərinin qabaqcıl texnologiyalarını və maliyyə imkanlarını cəlb edir. Onlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyacı, problemləri ilə yaxından maraqlanır. Azərbaycanda milli azlıqların ictimai həyatın bütün sahələrinə inteqrasiyasına, onların dini əqidə azadlığının təminatına, öz mədəniyyət və dillərini inkişaf etdirmələrinə hər çür şərait yaradılır. Azərbaycandakı nadir din-dövlət münasibətləri modeli daim dünyanın aparıcı dövlətlərinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Hətta onlar çıxışlarında bildirirlər ki, Azərbaycanda dinlər arasında tolerantlıq münasibətləri bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər.
Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq “ixrac etmək” mümkündür. Bu model Azərbaycan xalqının sərvətidir. Xüsusilə nəzərə almaq lazımdır ki, dünyada baş verən hadisələr dini inancların təcavüzə məruz qalması, milli və etnik dözümsüzlüyün təşviqi bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Yaxın Şərqdə islam pərdəsi altında törədilən dəhşətli qətllər, Avropa və Amerikada islam əleyhinə kampaniyaların geniş işıqlandırılması Qərb və Şərq sivilizasiyaları arasında uçuruma yol açır. Lakin Azərbaycanın müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı nümunəvi ölkə olduğunu qururla vurğulaya bilərik. Respublikamızda ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşaması da humanist dəyərlərə söykənir. Azərbaycanda hər kəsin milli, dini, etnik ənənələrinə hörmət edən bir cəmiyyət mövcuddur. Azərbaycan dəyərləri qanun üzərində deyil, qanunlarımız milli-mənəvi dəyərlərimiz üzərində qurulub. Bu da ölkəmizdə yaşayan müxtəlif xalqlar arasında tolerant mühitin olmasına əsas verir.
Azərbaycan dövləti sadəcə ölkə daxilində deyil, xarici ölkələrdə, o cümlədən qonşu respublikalarda yaşayan minlərlə soydaşımızın da dini ibadətlərini sərbəst icra etməsi üçün qayğısını əsirgəmir. Qonşu ölkələrdə də multikultural dəyərlərin, dini tolerantlığın inkişafı üçün səylər göstərir. Xatırladaq ki, bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfər edərək mühüm görüşlər keçirib. Şeyxülislam Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də ilə görüşüb.
Qaribaşvili qeyd edib ki, Azərbaycan Gürcüstanın təkcə qonşusu deyil, həm də qardaş xalq, dost dövlətdir. Gürcüstan iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirir: “Mən həmişə deyirəm ki, Azərbaycan təkcə bizim qonşumuz deyil, həm də qardaş xalqımız, dost dövlətimizdir və təbii ki, biz ölkələrimiz arasında mövcud olan qardaşlığı, dostluğu yüksək qiymətləndiririk. Bütün istiqamətlərdə bizim qeyri-adi nəticələrimiz, konkret irəliləyişlərimiz, çox yaxşı münasibətlərimiz mövcuddur və sizin səfəriniz bu qardaşlığın, sevginin sübutudur”. Allahşükür Paşazadə isə öz növbəsində Gürcüstan Baş nazirinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. O, Gürcüstanın baş nazirinin iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinə verdiyi töhfəni vurğulayıb: “Mən siyasətçi deyiləm, amma Qafqazda bu iki qonşu ölkənin münasibətlərinin siyasi, iqtisadi, mədəni, dini və digər istiqamətlərdə yüksək səviyyədə olması birmənalı olaraq diqqət çəkir”.
Görüş zamanı Gürcüstan hökumətinin müsəlman icmasına dəstək istiqamətində həyata keçirdiyi müxtəlif məsələlərə diqqət yetirilib. Qeyd olunub ki, Gürcüstanda dövlət tərəfindən 228 məscid, o cümlədən 1300 kvadratmetr ərazi müsəlmanların ixtiyarına verilib.
Ümumilikdə isə bu gün Gürcüstanda 300 məscidin fəaliyyət göstərdiyi qeyd olunub.
Şeyxülislam Allahşükür Paşazadə Tbilisi Cümə məscidini də ziyarət edib və Gürcüstan Müsəlmanları İdarəsində olub. Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri ilə birgə görüş keçirilib. Qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin amal və məqsədi, son illərdə gördüyü işlər və gələcək proqramları haqda məlumat verilib. A.Paşazadə Gürcüstanın azərbaycanlı icmasının dövlətçilik naminə gördüyü işləri yüksək qiymətləndirib. O, din xadimlərinə müharibə zamanı Azərbaycana göstərdikləri dəstəyə və işğaldan azad olunan Qarabağ torpaqlarını ziyarətə görə minnətdarlığını bildirərək qeyd edib ki, bu səfər Azərbaycanda çox yüksək dəyərləndirilib. QMİ sədri və GMİ-nin rəhbər şəxsləri ilə görüşdə Gürcüstan hökumətinin müsəlman icmasına qayğı və dəstəyindən söz açılıb, Gürcüstan və Azərbaycan arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanla dini sahədə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini bildirib.
İlahiyyatçı Hacı Atif İsmayılov “Şərq”ə bildirib ki, Şeyxülislamın fəaliyyəti çox genişdir və sadəcə, Azərbaycanla məhdudlaşmır. Ekspert qeyd edib ki, Şeyx həzrətləri islam sivilizasiyasının, müsəlmanların maarifləndirilməsi istiqamətində həm ölkə daxilində, həm də regionda, xarici ölkələrdə də mühüm addımlar atıb:
“Xüsusən, son illərdə bütün Qafqazın şeyxi kimi Azərbaycanın multikultural dəyərlərinin dünyada tanıdılmasında, təbliğ edilməsində böyük zəhməti olub. Şeyx həzrətlərinin ötən günlərdə qonşu Gürcüstana səfəri də dövlətimizin, eyni zamanda QMİ-nin mühüm əhəmiyyət kəsb edən səylərindən xəbər verir. Azərbaycan dövləti, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi qonşu ölkələrdə yaşayan soydaşlarımızı, onların dini ibadətlərini, inanc azadlığını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan QMİ-nin, şəxsən Şeyx həzrətlərinin səyləri, təşəbbüsləri çox önəmlidir.
Azərbaycanda dini-milli tolerantlıq ən yüksək səviyyədədir və biz qonşu ölkələrdə də eyni mənzərəni görmək istəyirik. Ümid edirik, region dövlətləri xalqlararası münasibətlərdə, müvafiq qurumlar da islam dini ilə bağlı əməkdaşlıqda maraqlı və səmimi olacaqlar.
Azərbaycan dövləti indiki şəraitdə islam sivilizasiyasının bütün daşıyıcılarına qayğısını əsirgəmir, öz tolerantlığını nümayiş etdirir. Bu, bizim üçün böyük şərəf və qürurdur. İnanırıq ki, Şeyxülislam həzrətlərinin bu cür səfərləri çoxalacaq və dünya ölkələrinə, ələlxüsus qonşu dövlətlərə Azərbaycanın tolerantlığı, multikultural dəyərləri daha geniş çapda çatdırılacaq. Azərbaycan qonşu ölkələrlə dinlərarası və millətlərarası münasibətlərin inkişafında da hər zaman maraqlı olub və çoxsaylı təşəbbüslər göstərib. Şeyxin atdığı addımlar uğurludur.
Allah ona can sağlığı versin ki, dünyanın hər yerində Azərbaycanımızı gözəl şəkildə təbliğ etsin. Son olaraq Dünya Ağsaqqalar Şurasının üzvü seçilməsi münasibəti ilə də Şeyx həzrətlərini təbrik edirəm”.