- Krişnaidlərin ibadəti, gündəlik həyatı və inancları ilə yaxından tanış olduq
Ətrafda heç kim yoxdur. Hər tərəfi qəribə bir sakitlik bürüyüb. Bakının səs-küylü küçələrindən sonra bu sakitlik adama qəribə gəlir. Girişdə "Hare Krişna Şüuru Dini İcması" yazılmış lövhə diqqətimi çəkir. Bir vaxtlar oxuduğum kiçik bir məlumat yadıma düşür: "Məbədə sağ ayaqla daxil olmaq lazımdır". Mən də elə edirəm.
Həyətdə sağ tərəfdə iki mərtəbəli sadə bir bina, qarşısında düzülmüş stullar, sol tərəfdə isə ağacların kölgəsində ucalan iri ağ Krişna heykəli var.
İkinci mərtəbəyə çöl tərəfdən qalxan pillələrlə yuxarı çıxıram. Qapının ağzında bir neçə ayaqqabı sıra ilə düzülüb. Axı krişnaidlərdə məbədə ayaqqabı ilə girmək böyük hörmətsizlik sayılır... ya corabla, ya da yalınayaq keçməlisən. Ayaqqabılarımı çıxarıb içəri adlayıram.
Divardakı məlumat lövhəsi məbədin tarixindən bəhs edir. Burada yazılıb ki, Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin əsasını (İSKKON) 1966-cı ildə hindistanlı ruhani müəllim A.Ç. Bhaktivedanta Svami Prabhupada qoyub. Qədim Brahma-Madhva-Gaudiya sampradayasının davamı olan bu ruhani təşkilatın əsas qayəsi cəmiyyətdə mənəvi tarazlığı bərpa etmək, insanlara Tanrı sevgisini və sadə yaşamaq sənətini öyrətməkdir...
Böyük, naxışlı qapını döyürəm. Bir neçə saniyə sonra rahib qapını açıb məni mehribanlıqla içəri dəvət edir.
İstiləşən mühitdə ilk diqqətimi çəkən taxta bənzər stulda bardaş qurub əyləşmiş, az qala canlı insandan seçilməyən heykəl olur- bu, İSKKON-un təsisçisi Prabhupadanın təsviridir. Onun qarşısında müqəddəs ayaq izləri, yanında isə kitab rəfləri düzülüb. Rəflərdəki kitabların arasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin verdiyi təşəkkürnamə də nəzərdən qaçmır. Elə bu, Azərbaycanın multikultral dövlət olmasının sübutudur.
Sağ tərəfdəki divarda böyük lövhənin üzərində yazılıb ki, bütün dinlərin nünayəndələri məbədə gələ bilərlər, lakin məbədin qanunlarını pozmaq, içkili vəziyyətdə və uyğun olmayan geyimdə gəlmək hörmətsizlik sayılır...
Rahiblə həlim söhbətimiz başlayır. O, uzun illərdir bu icmanın üzvü olduğunu deyir. Sən demə, bu cərəyanın (Vaişnavizmin) banisi Prabhupada 1965-ci ildə Hindistandan ABŞ-yə köçərək ideyalarını dünyaya yaymağa başlayıb. 10 il ərzində 80 tona yaxın kitab qələmə alıb. Onun 18 000 beytdən ibarət "Şrimad-Bhavagatam" və "Bhaqavad-gita" kimi əsərləri bu gün dünyanın bütün dillərini gəzir.
Sovet dövründən gizli fəaliyyət göstərən Bakı Krişna Şüuru Dini İcması isə 1990-cı ildə rəsmi qeydiyyata alınıb.
Rahib bildirir ki, Hare Krişna bir din deyil, elmdir. Onun söylədiklərinə görə Krişna Allahın ali şəxsiyyətidir. Qaneşa və digər tanrılar isə onun izahında ilahi varlıqlar və ya mələklər hesab olunurlar.
Hətta həmin rahib dostlarının arasında qatı müsəlman və xristianların olduğunu deyir. Misal çəkir ki, dostlarından biri Bakıda yerləşən kilsələrdən birinin rahibidir. O da tez-tez bura gəlirmiş...
Söhbət zamanı reinkarnasiya, karma, zaman, ruh və maddi aləm haqqında uzun-uzun danışır. Onun sözlərinə görə, insan etdiyi əməllərin nəticəsində yeni həyat forması qazanır və bu dövr ruh yenidən ilahi aləmə qayıdana qədər davam edir.
"Bizim yaşadığımız Yer planeti- Buhimi qadın simasındadır, mələklərdən biridir,"-deyə rahib kainatın quruluşunu anladır. 8 milyon 400 min canlı bədən forması var. Mikroblardan tutmuş mələklərə qədər... Bədən sadəcə cansız bir nəqliyyat vasitəsidir. Bədən qocalır, yararsız hala düşəndə daxildəki ruhi varlıq onu tərk etməli olur. Burada reenkarnasiya (ruhun yenidən doğuşu) və karma fəlsəfəsi hakimdir. Ruhi dünyaya qayıdana qədər insan əməllərinin bəhrəsi olaraq yeni bədən formaları geyinir.
"Biz bədəni dəyişirik, ruh isə yaşayır"- deyə rahib söhbətini yekunlaşdırır.
Bu zaman məbədə insanlar gəlməyə başlayırlar. Kişilər, qadınlar, uşaqlar... Sari geyinmiş qadınlar, ağ və zəfəran rəngli geyimdə rahiblər. İçəri daxil olan hər kəs əvvəlcə qapının kandarında yerə uzanaraq Krişnaya ehtiram göstərir.
Mikrafon qarşısına keçən gənc və onu müşayiət edən musiqiçilər "Hare Krişna" mantrasını tərənnüm etməyə başlayırlar. Ahəngdar səs tezliklə bütün zalı bürüyür. Mən də ritmə qoşulub sözləri pıçıldayıram: Hare Krişna, Hare Krişna, Krişna, Krişna, Hare, Hare, Hare Rama, Hare Rama, Rama, Rama, Hare, Hare... Yanımda əyləşən sari geyimli yaşlı qadın təəccüblə mənə baxıb soruşur:
-Bu sözləri əvvəlcədən bilirdiniz?
-Xeyr, indicə öyrəndim.
Qadın təəccübünü gizlədə bilmir.
-Allah sizi qorusun...
Daha sonra rahiblərdən biri həm rus, həm də Azərbaycan dilində dini söhbət edir, iştirakçıların suallarını cavablandırır. Hətta zaldakı şəxslərdən biri onun fikirləri ilə razılaşmır, öz arqumentlərini irəli sürür. Rahib bunun düzgün olmadığını bildirir. Kişi isə gülümsəyərək növbəti dəfə kitabla gələcəyini və fikrini sübut edəcəyini deyir.
İçimdən düşünürəm ki, bu mübahisənin sonunu görmək üçün bəlkə mən də yenidən bura gəlim.
Mərasimdən sonra hamı aşağı mərtəbəyə yəni həyətə enir. Bu gün ehsan olaraq ətsiz pomidor və bibər dolması, şirniyyat, kompot və prasadam təqdim edilir. Axı krişnaidlər vegetariandılar... Heç kim növbəni pozmur. Sakitcə gözləyir, yeməyini alır. 

Prasadam fərqli dadı olan, südlə hazırlanan şirniyyatdır. İlk dəfə dadıram. Dediklərinə görə prasadam tanrıya təqdim olunan qidanın ondan geriyə qalan müqəddəs hissəsidir. Şüuru bulandırdığı və ehtiras oyatdığı hesab edildiyi üçün qidaya soğan və sarımsaq əlavə edilmir. Qida hazırlanarkən aşpaz onun dadına baxa bilməz. İlk dadına baxan və onu qəbul edən yalnız Tanrı olmalıdır. Buna görə də hazırladıqdan sonra qidanı Krişna heykəlinin yanına qoyurlar. Deyilənə görə qidanı hazırlayan şəxs təmiz bədənlə və mənəvi düşüncələrlə (mantralar oxuyaraq) bişirməlidir...
Maraqlısı budur ki, məbədə gələnlərin çoxu fərqli dinin nümayəndələri idilər. Hətta bir müsəlman 10 ilə yaxındır ki, bu məbədə gəldiyini bildirdi...
Başqa bir rahiblə də söhbətləşməyə başlayıram. Onun narıncı geyimi, qırxılmış saçı və təpəsində saxlanılan kiçik saç dəstəsi diqqətimi çəkir. O izah edir ki, belə bağlanan və ayaqları örtən ağ və ya narıncı rəngli dhoti adlanan parça və çiyinə salınan kurt köynəyidir. Evli və ya sıravi icma üzvləri ağ geyim geyinir, dünyəvi həyatdan imtina etmiş rahiblər (sanyasilər) isə narıncı (zəfəran) rəngli geyimlərdən istifadə edirlər. O, tilaka və şikhadan da danışır. Tilaka (Alındakı işarə) İnanclıların alınlarına və bədənlərinin bəzi nahiyələrinə müqəddəs gil ilə çəkdikləri şaquli "U" hərfi formalı işarədir. Bu, bədənin bir məbəd olduğunu və Tanrıya məxsusluğunu simvolizə edir. Şikha isə (Saç forması) Kişi rahiblərin başlarını tamamilə qırxaraq yalnız təpə hissəsində saxladıqları bir tutam saçdır. Bu, mənəvi diqqəti bir yerə toplamağı və dünyəvi gözəllikdən imtina etməyi təmsil edir. Tulasi muncuqları (və ya Tulsi Mala) Krişnaçılar üçün ən müqəddəs aksesuarlardan biridir. Onların istifadəsi iki fərqli formadadır. Kanthi mala (Boyun muncuqları) inanclıların boyunlarına sıx şəkildə taxdıqları 1, 2 və ya 3 cərgəli xırda muncuqlardır. Bu, şəxsin Tanrı Krişnaya tam təslim olduğunu və Onun himayəsində olduğunu simvolizə edir. İnanca görə, bu muncuqlar insanı mənfi enerjilərdən və bədbəxt hadisələrdən qoruyur. Capa mala (Təsbeh) mantra oxumaq (zikr etmək) üçün istifadə olunan və tam 108 ədəd muncuqdan ibarət olan böyük təsbehdir. Krişna fəlsəfəsində Tulasi sadəcə bir bitki deyil, Tanrıya xidmət edən müqəddəs bir tanrıça (Tulasi Devi) hesab olunur. Bu səbəbdən həmin muncuqlara böyük hörmətlə yanaşılır və onları boynuna taxan şəxs mütləq vegetarian olmalı, spirtli içki və tütündən uzaq durmalıdır.
O reankarnadiya ilə bağlı maraqlı bir nüansı da danışır. Əgər bir ruh insan olub daha sonradan bir heyvan bədənində həyata qayıdıbsa, bütün heyvanların bədənində, sonuncu isə meymunun bədənində həyata qayıtmalıdır ki, növbəti dəfə yenidən insan bədəninə daxil ola bilsin...
Məbədin necə fəaliyyət göstərdiyini soruşanda isə qısa cavab verir:
-Bizi tanrıya inanlar yaşadılar...Yalnız insanların məbədə verdikləri nəzirlə hesabına maliyyələşirik.
Doyumlu və mənəvi söhbətli yeməkdən sonra hamı yenidən ikinci mərtəbəyə qalxır. Musiqi başlayır. Rahib oxuyur. Kişilər öndə, qadınlar arxada dayanaraq əllərini göyə qaldırıb ritmə uyğun rəqs edirlər. Krişnanın heykəli önündə sari geyimli, başı örtülü bir qadın şam və buhur yandırır. Sonra alov insanlar arasında gəzdirilir. Hər kəs əllərini alova tutub üzünə və başına çəkir.
Ardınca müqəddəs hesab edilən su üzərlərinə çilənir. Oradakı bir qadının dediyinə görə bu su adi su deyil. Hər səhər tezdən keçirilən ayində Tanrı Krişnanın bütləri (murtilər) su, süd, qatıq, bal və təmizlənmiş kərə yağı ilə yuyulur. Bu yuyulma prosesindən yığılan su xüsusi qablara toplanır, içərisinə müqəddəs Tulasi yarpaqları və ətirli qızılgül ləçəkləri əlavə olunur. Vayşnavizm inancına görə, Çaranamrita (müqəddəs su) insanın daxili aləmini təmizləyir, mənəvi şüuru oyadır və bədənə müsbət enerji bəxş edir. Bu su heç vaxt adi maye kimi qəbul edilmir, ona çox böyük hörmətlə yanaşılır.
Sonra bir çiçək gətirilib insanlara qoxladılır. Həmin çiçək Tanrıya (Krişnaya) təqdim olunmuş və müqəddəsləşmiş prasadam (və ya maha-prasadam) adlanan xüsusi xeyir-dua çiçəyidir...
Mərasim bitir. İnsanlar asta-asta zalı tərk edirlər.
Hələ yenicə gəlmiş bir nəfər əllərini birləşdirib mənə Hare Krişna deyir, gülümsəyib eyni tərzdə cavab verirəm.
Pillələri düşüb darvazaya yaxınlaşıram.
Arxadan isə bir səs gəlir:
-Yenə gəlin, gözləyəcəyik...