Bir dondurma reklamı ölkəni iki cəbhəyə böldü: Taleh Yüzbəyov müzakirələrin mərkəzində

  • Tənqidlərin hədəfinə hətta aktyorun qızı da düşdü
  • Bir reklama, minlərlə reaksiya gəldi, estetik əməliyyatlar ətrafında yeni mübahisə alovlandı

Taleyin oyunumu, istehzasımı, yoxsa hökmü deyək? Taleh Yüzbəyov bir reklamla cəmiyyətdə elə bir fırtına qoparıb ki, Hollivudun triller filmlərində heç bu dərəcədə gərginlik olmayıb. Sonra da deyirik, Azərbaycanda bacarıqlı rejissor yoxdur, senarilər yazılmır, filmlər çəkilmir.

Uşaqlar var, şərait yoxdur, sadəcə. Taleh Yüzbəyov bir reklam çarxı ilə belə ajiotaj yarada bilibsə, film çəksə görün nələr baş verər. Bunları tam ciddi, zarafatdan kənar deyirik. Aktyor, rejissor, senarist, videoblogger Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamını “Almond Cake & Bakery" (hazırlayan yaradıcı komanda/reklam agentliyi) brendi hazırlayıb. Aktyorun özünün ssenaristi və siması olduğu reklam çarxı qadınların xarici görünüşünün (estetik əməliyyatların) dondurmanın təbiiliyi ilə müqayisə edilməsinə görə cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirələrə və sərt tənqidlərə səbəb olub. Hətta “estetikli xanımlar”ın hirsi-hikkəsi o həddə çatıb ki, aktyorun 12 yaşlı qızını da hədəfə alıblar. Bu qədər aqressiyaya səbəb olan nədir? 

Reklam çarxında aktyorla yanaşı estetik əməliyyatlı bir xanımla, estetik əməliyyat etdirməmiş başqa bir xanım obraz olaraq götürülüb. Reklamın məqsədi təbii dadı olan dondurmanı təbliğ etməkdir. Dondurma nə qədər təbii ola bilər, bu başqa mövzudur. Zatən reklamlar nəyə xidmət edir ki?! Hansısa istehsalçının məhsulunu reklam etməyə. Pis və ya yaxşı məhsulu istehsalçı özü seçməli, yəni düzgün seçim etməlidir. Amma etiraf edək ki reklamlar insanlarda təəssürat formalaşdırmaq üçündür. Buradan çıxış edərək rejissorun reklamına ən üst səviyyədə əsəbi, emosional yanaşan, təhqirlər yağdıranları da anlamaq olur; niyə bizi – estetik əməliyyat etdirənləri anti-reklam edirsən, pisləyirsən, aşağılayırsan? Halbuku rejissor özü də, ona hücumları yersiz, məntiqsiz hesab edərək sosial şəbəkələrdə fikir və rəylərini paylaşanlar da “soğan yeməmisiz, içiniz niyə göynəyir”, məsəlindən çıxış edərək, bir reklam çarxına bunca aqressiyanı həmin “hücumçuların” naqisliyinə bağlayırlar. Hər kəs fikir bildirmək, zövqünü ortaya qoymaqda sərbəst, azad deyilmi? Kimsə estetiki xoşlayır, kimsə xoşlamır, qəbul etmir. Əlimizə dəyənək alıb arxasınca düşək? Bu məsələyə cəmiyyətimizin ən müxətlif təbəqələrindən reaksiyalar var:  

Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi Ezopun tülkü haqqında təmsilini xatırladır və deyir ki, tüklü quyruğunu sadəcə qaya arasında sıxışıb qaldığı üçün özü qoparır. Amma başqa bir tülküyə bunu “qəşəng göründüyü üçün” etdiyini deyir. Beləcə, digər tülkülər də quyruqlarını qoparmağa başlayır. Quyruğunu qoparmayanlara isə artıq qınayıcı nəzərlə baxırlar. Yəni, niyə bizim kimi, bizdən biri deyilsiniz: 

- İnsan həyatında da belədir. Əvvəlcə pisliyi, saxtakarlığı, qeyri-təbiiliyi və s. təbliğ edirlər. Geridönməz yola girdiklərinin fərqinə varanda gec olur və ondan sonra çıxış yolu kimi yaxşı, dürüst, pak insanlara anormal kimi baxaraq, onları da özlərinə çəkməyə, özlərinə oxşatmağa çalışırlar. İnsanlar bəzən öz anormallıqlarını normal göstərməyə çalışar, fərqli olanları da özlərinə bənzətməyə, hətta daha pis vəziyyətə salmağa səy göstərərlər. Öz əxlaqsızlıqlarını və səhvlərini "doğru" kimi göstərərək ətrafını da eyni hala salmaq istəyən quyruğu qopmuş tülkülər, sizin doğrularınıza lağ edər, sizi də özləri kimi etməyə çalışarlar. Cəmiyyətdə əxlaqsızlığın, pisliyin və normal olmayan halların "normallaşmasının" əsas səbəblərindən biri də məhz budur. Çalışın ki, ayıq-sayıq olun və belələrindən uzaq gəzin.

Yazıçı Şərif Ağayar: 

- Taleh bəyin çəkildiyi reklam roliki ilə bağlı paylaşımları və şərhləri oxudum. Qarşıdurma yaşayan hər iki tərəf tutarlı arqumentlər irəli sürür, ona görə ortaq qənaətə gəlmək heç cür mümkün olmur. Məncə, problemin ən böyüyü üslubdadır. İndiki halda kadrarxası səsdə. O, şərh verərək müəllif kimi ekran təhkiyəsinə müdaxilə edir, tərəf tutur, tamaşaçını yönəldir, estetik əməliyyat keçirənlərə qarşı açıq şəkildə aşağılayıcı təbliğat aparır. Kadrarxası səs olmasa, qadınlar arasındakı fərqi yalnız görüntü ilə təqdim edib, nəticə çıxarmağı tamaşaçının öhdəsinə buraxsa, demək istədiklərini tamaşaçıya dedirdə bilsə, reklam roliki daha sənətyönlü alınar, bu qədər narazılıq yaratmaz və Taleh bəyin rejissor-aktyor reputasiyası dondurma naminə təhdid altına düşməzdi. Xeyr, dostumuzu bir çoxu kimi maddi qazanc sənətdən və öz karyerasından daha artıq düşündürürsə, işin rəngi dəyişir. Lakin bu da etibarlı seçim deyil. Qadın hüquqları ilə məşğul olan şəxs və təşkilatlar sadə bir məhkəmə ilə videomaterialı hər yerdən sildirə bilərlər.

Psixoloq Yusif Nəbiyev: 

- Estetik əməliyyat etmiş bir sürü xanım məlum reklam videosuna cavab olaraq iddia edirlər ki, insanların xarici görünüşlərinə görə onları mühakimə etmək olmaz. Paradoks buradadır ki, bunu deyən xanımlar özləri əslində özlərini xarici görünüşə görə ilk mühakimə etmiş insanlardır elə. Öz təbii burnunu, dodağını, orasını-burasını bəyənməməklə, "bu gözəl deyil, bunu dəyişdirim" deməklə ilk mühakiməni özləri ediblər. "Özgüvənim əksikdir" deyərək, özləri öz xarakter və dəyərlərini xarici görünüşləri ilə eyniləşdiriblər. Bunu ilk edən özləridir yəni. İndi durub xarici görünüşdən tamamilə müstəqil və azad bir təfəkkür sahibi kimi davranmaqları saxtakarlıqdır. 

Sizin dərdiniz xarici görünüşə görə mühakimə deyil. Onun ən kralını elə siz özünüz özünüzə etmisiniz. Sizin dərdiniz "mən nə edirəmsə özüm bilərəm, mənim davranışlarımı heç kim mühakimə edə bilməz" dərdidir. Onda da mən də deyirəm ki, mən də nə edirəmsə, nəyi tənqid edirəmsə özüm bilərəm. Mənim də fikir yayma, framing, təfəkkür formalaşdırma fəaliyyətimə sən heç nə deyə bilməzsın. Nə vaxt gəlib şəxsən sənə desəm ki, ey, qadın, sən niyə dodağını şişirtmisən? Bax onda sənin danışma haqqın olar. Yalandan bədəndən münəzzəh, ruhsal gözəllik pəriləri kimi davranmayın, o deyilsiniz. Sizin güzgünün qabağında dodağınızı əyə əyə özünüzə tamaşa edib fərqli dodaqları təsəvvür edərək saatlarınız, günləriniz keçib. Vallah o deyilsiniz. Gedin işinizlə məşğul olun, imkan verin biz də işimizlə məşğul olaq. 

Psixoloq Fərqanə Mehmanqızı: 

-Taleh Yüzbəyovun reklam çarxına görə psixoloq olaraq iki kəlmə deyim. Bir məsələ var; Taleh bəy aktyordu, 100 mənfi müsbət rol oynaya bilər obrazda deyə bilər. Bu, normaldı. Cəmiyyətin belə hay küyünə fikir bildirmək istəyirəm. Biz ictimai adamlar bunu daha yaxşı hiss edir. Kollektiv şüursuzluq deyə bir şey var. Kütlə psixologiyası baş beyinlə yox, onurğa beyinlə düşünür. Kütlədən biz fərdlərdən olan gözləntiləri gözləməməliyik. Götürək bizim yox, Amerika cəmiyyətini. Uill Smit Oskar mükafatlandırmasında həyat yoldaşina edilən şit "zarafata" görə çıxdı səhnəyə, yumruq vurdu aparıcıya və milyardlıq müqavilələr, Oskar mukafatlnda məhrum oldu. Cəmiyyət onun aqressiyasına sahib çıxmadı deyə təhqir etdi. Halbuki adam saç tökülməsindən əziyyət çəkən həyat yoldaşının saç düzümünü lağa qoyan adama həddini bildirdi. Düz də etdi. Taleh bəy də bilirdi reklam ajiotaj yaradacaq zatən məqsəd bu idi. Cəmiyyət, yəni kütlə idarə edilməyə meyillidir və Taleh bəy istədiyinə nail oldu. Gerisi cəfəngiyyatdı. O, super akterdu bu arada. Yəni, çox da hay-küy salmayın, bu da keçib gedəcək. 

Şair, yazıçı, məzmun yaradıcısı Eminquey Akif: 

- Nə düşmüsünüz Talehin üstünə? Reklam çarxı çəkibmiş, Azərbaycan qadınlarını təhqir edibmiş-zad. Söhbətə bax e. Baxdığı arxadakı qız Azərbaycan qadını deyil? Bu məsələnin bu qədər rezonans yaratması Azərbaycanda süni qadınların həddən çox olmasıdır. Təsəvvür edirsiniz, nə qədərdirlər? On minlərlə! Ona görə səsləri möhkəm gəlir. Xətirlərinə dəyib. Paydədə! Geydirməsiniz də! Əldəqayırmasınız da. Qadın öz həyat yoldaşı üçün bəzi estetik əməliyyatlar etdirə bilər, hətta özü üçün də bəzi zəruri səbəblərdəb edə bilər, amma bir qadın başqa kişilər üçün, hətta heç bir səbəb olmadan milyon dənə əməliyyatdan keçirsə, dalını, sinəsini, dodağını, yanağını şişirdirsə, bunun adı başqa şeydir. Taleh məsələsində sizin üzünüzün təkcə əzalarının yox, suyunun da, abrının da getdiyini gördük. Gördük ki, üzünüzdəki hər şeyi dəyişib cərrahlar. Ümumiyyətlə, mən bu estetik əməliyyatların necə və niyə yayıldığını, haradan başladığını və sairə səbəbləri yaxşı bilirəm, amma demirəm, qoy ürəyim partlasın.

Başıbəlalı dondurma reklamında “estetik əməliiyatlı xanım” obrazında çəkilmiş aktrisa Türkan Murad isə ona ünvanlanan tənqidlərə cavab olaraq bildirib ki, ekranda görünən hər şey sadəcə ssenarinin tələb etdiyi bir roldur. Aktrisa öz rəsmi "Instagram" hesabında tənqidçilərə səslənib:"İlk növbədə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Məni qınayanlara isə demək istəyirəm ki, bu, sadəcə canlandırdığım bir obrazdır. Əgər hər hansı kompleksim olsaydı, bu reklama çəkilməzdim. Rahat olun".

Qalereya