"Futbol oynamaq da təhlükəlidir, velosiped sürməkdə təhlükəlidir. Amma bunlar qadağan edilmir"
Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra yerli Kütləvi İnformasiya Vasitələrində Azərbaycanda “Roblox” və “PubG” onlayn oyunlarının qadağan olunması məsələsi gündəmə gəlib. Yerli KİV-də müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyini, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edildiyi bildirilib. Bəzi mütəxəssislərin fikrincə, “PubG” oyunu uşaqlarda aqressiya və yuxu pozuntularına səbəb olur, “Roblox” platforması isə onların tanımadıqları yetkin şəxslərlə ünsiyyətə girməsi riskini artırır. Məsələ ilə bağlı sosial şəbəkələrdə müzakirələr hələ də davam edir. Türkiyədə bu tipli səbəblərdən onlayn oyun platforması “Roblox”a giriş bloklanıb. Bəs Azərbaycanda da belə oyunlara məhdudiyyətlər gətirilməlidir?
Həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə “Sherg.az”a bəzi oyunların aqressiyanı çoxaltdığını, bəzilərinin isə insanı sakitləşdirdiyini bildirib:
"Amma məsələni yalnız qadağa kimi və ya oyun oynamağı tamamilə şər bir şey kimi təqdim etmək düzgün deyil. Söhbət uşağın oynadığı oyunlara nəzarətdən gedir və bu nəzarət təkcə valideynlərlə məhdudlaşmamalıdır. Uşaq günün bir hissəsini məktəbdə, bir hissəsini evdə keçirir. Ona görə də valideynlərlə müəllimlər arasında kommunikasiya çox vacibdir. Uşağın davranışı hər iki mühitdə nəzərə alınmalı və bunun əsasında mövqe formalaşdırılmalıdır. Kompüter oyunu özü-özlüyündə pis deyil. Düzgün yanaşma olduqda, kompüter oyunları uşağın kompüter bacarıqlarını inkişaf etdirə, virtual mühitdə düşünmə qabiliyyətini artıra bilər. Hətta bu oyunlar uşaqlara proqramist, İT mütəxəssisi olmağa aparan ilk addımlardan biridir. Əsas məsələ yaş məhdudiyyətlərinin və məzmunun düzgün müəyyən olunmasıdır. Hər oyun hər uşaq üçün uyğun deyil. Bəzi hallarda konkret uşağın xüsusiyyətləri nəzərə alınmalı və uşaq psixoloqu ilə məsləhətləşmək lazımdır ki, hansı oyunları oynaması, hansılarından isə uzaq durması müəyyənləşdirilsin. Təhlükə yaradan oyunlar yalnız kompüterdə oynanan oyunlar deyil. Təhlükə yaradan canlı oyunlar da var. Futbol oynamaq da təhlükəlidir, velosiped sürməkdə təhlükəlidir. Amma bunlar qadağan edilmir. Mən qadağanın pis və ya yaxşı olduğunu demirəm. Hesab edirəm ki, məsələyə geniş aspektdən baxmaq lazımdır Texnologiya 21-ci əsrin reallığıdır. Qadağa ilə bunun qarşısını almaq mümkün deyil. Biz prosesə nəzarət və idarə etməyi bacarmalıyıq".