Erkən nikaha görə sərt xəbərdarlıq: Toy edən də, şərait yaradan da cəzalanacaq

  • Mehriban Zeynalova: “Məhkəmə doğru qərar verib, cəza daha ağır ola bilərdi”

Hacıqabulda övladını erkən nikaha cəlb etmiş ata məhkəmənin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib, onun rayon ərazisini tərk etməsinə qadağa qoyulub.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeyanlova “Sherg.az”a açıqlamasında məhkəmənin qərarını alqışladığını dedi: 

- Bilirsiz ki, erkən nikahın qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişiklik edilməsi məsələsi ötən il Milli Məclisdə müzakirəyə çıxarıldı və qanun qəbul edildi və qüvvəyə mindi. Azərbaycanda yetkinlik yaşına çatmayan (18 yaşdan kiçik) şəxsi erkən nikaha cəlbetmə və ya məcburetmə hallarına görə qanunvericilikdə sərt cinayət məsuliyyəti nəzərdə tutulur. Cəzalar əməlin ağırlığından və şəxsin yaşından asılı olaraq dəyişir. Yetkinlik yaşına çatmayan şəxsi nikaha daxil olmağa və ya erkən evliliyə məcburetməyə 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. Həm də təkcə evliliyə məcbur edənlər deyil, eyni zamanda erkən nikah mərasimlərinin, nişan, toy və sair. təşkilində iştirak edənlər, evlilik yaşına çatmayanların evləndirilməsinə şərait yaradanlar da məsuliyyətə cəlb oluna bilər. səbəb olan hal kimi müəyyən edir. Hətta 18 yaşına çatmamış şəxslə nikaha daxil olan yetkinlik yaşına çatmış şəxs ilə zərərçəkmiş şəxs arasında yaş fərqi 5 ildən çox olduqda da cinayət məsuliyyəti yaranır. Hesab edirəm ki, məhkəmə doğru qərar verib, bir az da sərt cəza tətbiq oluna bilərdi. 

M.Zeynalova bildirdi ki, erkən nikahların qadağan edilməsində əsas məqsədi uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunmasıdır: 

- Yetkinlik yaşına çatmamış şəxslərin ailə qurmağa məcbur edilməklə onların təhsil, sərbəst inkişaf, peşə seçmək və sağlam həyat sürmək hüquqları əllərindən alınmış olur. Erkən nikahlar xüsusilə qızların təhsildən yayınmasına, iqtisadi asılılığın artmasına və nəticə etbarilə məişət zorakılığı riskinin yüksəlməsinə səbəb olur. Hesab edirəm ki, məhkəmənin qərarı insanlarımızın davranış dəyişməsi, ayrı seçkiliyə son qoymaları və uşağın həyatı ilə bağlı qərarlarda sui-istifadə hallarının nin azalmasında əhəmiyyətli addımdır.