"Hərbi əməliyyatlara başlamaq tezdir"

Turab Rzayev: "Bunun üçün ən azından Ukrayna-Rusiya müharibəsinin nəticəsini gözləmək lazımdır"

Qarabağdakı təxribatların da məqsədi Azərbaycanı təhrik etməkdir

  “Ermənistanın sərhəddə və Qarabağda törətdiyi insidentləri Azərbaycana və regiona qarşı yönəlmiş təxribatların tərkib hissəsi kimi dəyərləndirmək olar”.   Bunu “Şərq”ə açıqlamasında politoloq Turab Rzayev deyib. Ekspert bildirib ki, qlobal güclərin həm Azərbaycandan, həm də Ermənistandan müəyyən istəkləri var: “Bu məsələdə Azərbaycan daha çox dirəniş göstərir. Rəsmi Bakı Rusiyanın tələblərinə adekvat cavab verməyəndə, Kremlin istəklərinə əməl etməyəndə onların Azərbaycana qarşı istifadə edəcəyi bir neçə alət var. 

Siyasi alətlərdən ən böyüyü məhz Qarabağ məsələsidir. Ona görə də bölgədə vaxtaşırı olaraq təxribat törədilir, Azərbaycan bölmələri atəşə tutulur. Bəzi hallarda Azərbaycana məxsus avtomobillərin, maşın karvanlarının önü kəsilir. Qondarma rejimin təmsilçiləri Rusiyada yüksək vəzifəlilər tərəfindən qəbul edilir. Ara-sıra “Dağlıq Qarabağ respublikası” ifadəsindən istifadə edilir və s. Bütün bunlar Azərbaycana qarşı təzyiq vasitəsidir”.

  T.Rzayev vurğulayıb ki, Rusiya Qarabağdakı silahlıların çıxarılması üçün Azərbaycandan vaxt istəyib. Rəsmi Bakı da ruslara iyun ayınadək vaxt verib: 

“Halbuki, bəyanat imzalandığı gündən etibarən ermənilərin qanunsuz silahlıları dərhal bölgəni tərk etməliydi. Verilən açıqlamalara görə, Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxaracaq. Oradakı separatçı silahlı dəstələr isə qalacaq. Ermənistan tərəfi onları yerli “özünümüdafiə ordusu” adlandırır. Görünən isə odur ki, Rusiya tərəfi erməni silahlılarının Qarabağdan sürətlə çıxarılmasında maraqlı deyil. Moskva öz öhdəliklərini yerinə yetirmir. Bu da Azərbaycana şərait yaradır ki, həm Zəngəzur dəhlizinin açılmamasını, həm erməni silahlılarının çıxarılmamasını əlimizdə əsas edərək anti-terror əməliyyatına başlayaq. Buna tam hüququmuz və hərbi gücümüz də var. Ancaq düşünürəm ki, indiki dövrdə hərbi əməliyyatlara başlamaq tezdir. Bunun üçün ən azından Ukrayna-Rusiya müharibəsinin nəticəsini gözləmək lazımdır. Qarabağdakı təxribatların da məqsədi Azərbaycanı təhrik etməkdir. İndiki dövrdə təmkinlə hadisələrin gedişatı izlənməli və Ukraynadakı vəziyyət bəlli olduqdan sonra yekun qərar verilməlidir”.