Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunan "Hökumə - kədərim mənim" adlı sənədli filmin təqdimatının təxirə düşməsinin səbəbi açıqlanıb.
Filmin rejissoru, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski Teleqraf-a açıqlamasında bildirib ki, sənədli film gələn ilin mart ayında təqdim ediləcək:
"Filmin təqdimatı bu il dekabrın 2-də olmalı idi. Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində yaranan problemə görə onu təxirə saldıq. Filmin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə AzTV-də nümayişi nəzərdə tutulur. Media nümayəndələri üçün təqdimat isə televiziyada yayımlanmadan öncə Kinematoqrafçılar İttifaqında baş tutacaq. Mən bu filmi təmənnasız çəkmişəm".
Qeyd edək ki, "Hökumə - kədərim mənim" sənədli filminin təqdimatı əvvəlcə bu il avqustun sonlarına təyin olunmuş, daha sonra təqdimat dekabrın 2-ə keçirilmişdi.
Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, rejissoru Ziya Şıxlinski, operatoru Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinatoru Əli İsa Cabbarovdur.