Dövlət rəqəmsal mühitdəki etik və hüquqi normaları qorumaq üçün nəzarət rıçaqlarını gücləndirir
“İnternetdə qanunsuzluğa yer yoxdur, İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklə, sosial media üzərindən qeyri-etik çağırışlar və sövdələşmələr artıq konkret qanuni məsuliyyət və cərimə yaradır. Rəqəmsal məkan artıq daha ciddi nəzarətdədir”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında informasiya-kommunikasiya sahəsi üzrə mütəxəssis Elvin Abbasov bildirib. Mütəxəssis qeyd etdi ki, Prezident İlham Əliyevin rəqəmsal sahə ilə bağlı imzaladığı 4 fərman və 1 qanun, ölkəmizin rəqəmsal mühitini həm daha səmərəli, həm də daha təhlükəsiz etmək məqsədi daşıyır. Bu qərarlar dövlət xidmətlərində şəffaflığı artırmaqla yanaşı, internet məkanındakı mənfi hallara qarşı konkret hüquqi mexanizmlər yaradır:
- İnzibati Xətalar Məcəlləsinin 524.2-ci maddəsinə edilən dəyişiklik xüsusi diqqət çəkir. Artıq internet resursları və sosial media platformaları vasitəsilə fahişəliklə məşğul olmağa açıq çağırışlar edilməsi və ya bu məqsədlə sövdələşmələrin aparılması birbaşa inzibati məsuliyyət yaradır. Bu o deməkdir ki, kiber-məkan artıq hüquqi boşluq olan zona deyil; dövlət rəqəmsal mühitdəki etik və hüquqi normaları qorumaq üçün nəzarət rıçaqlarını gücləndirir. Digər tərəfdən, imzalanan 4 fərman dövlət qurumlarının rəqəmsal bazalarının bir-birinə tam inteqrasiyasını və vətəndaşların xidmətlərə daha sürətli, "vahid pəncərə" prinsipi ilə çıxışını təmin edir. Sürətli dövlət xidmətləri, İmzalanan fərmanlar dövlət xidmətlərinin tam elektronlaşmasını sürətləndirir. Məqsəd sənəd işlərini azaltmaq və hər bir vətəndaşın işini bir toxunuşla həll etməsidir. Kibertəhlükəsizlik prioritetdir, Bu addımlar həm fərdi məlumatlarımızı qoruyur, həm də internet mühitindəki mənfi təsirlərin qarşısını alır.