Kriminal insanların çoxu zorakılıq olan ailələrdən çıxır - SOSİOLOQ

Elçin Bayramlı: “Cinayət törədən uşaqların valideynləri də cəzalandırılmalıdır”

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Mütəxəssislərin fikrincə, uşaqlara qarşı törədilən fiziki zorakılıq ailə çərçivəsindən çıxaraq cəmiyyətin müxtəlif sferalarını əhatə edir. Bu gün döyülən uşaq sabah döyən valideyn, bacı və qardaş, həyat yoldaşı olur. Şiddət domino effekti ilə yayılır. 

Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında bu qərarı dəstəklədiyini bildirib:

“Təqdirəlayiq haldır. Əgər valideynlər uşaqlarına düzgün tərbiyə verə bilmirsə, dövlət bunu onlardan tələb etməlidir. Hansısa bir uşaq döyüləcək vəziyyətə gəlibsə, deməli valideynlər vaxtında düzgün tərbiyə verməyib. Uşaqların tərbiyəssizliyinin cəzasını isə onlar yox, valideynləri çəkməlidir. Bu səbəbdən uşaqlara qarşı fiziki şiddət tətbiq edən valideynlərin cərimələnməsi düzgün qərardır. Uzun illərdir mən də belə bir qanunun qəbul edilməsini təklif edirdim. Bəzi valideynlərin çox ciddi psixoloji problemləri var. Bu cür valideynlər uşaqlara qarşı çox amansız davranır. Ağır fiziki xəsarətlər yetirir, uşağı döyürlər. Bu da uşağın daha da aqressivləşməsinə, insanlara qarşı kin- küdurət, qəzəb hissinin formalaşmasına səbəb olur. Böyüyəndə isə belə uşaqların caniyə çevrilmə ehtimalı artır. Döyülmə ilə olunan tərbiyə metodu isə heç vaxt müsbət effekt verməyib”. 

Sosioloqun sözlərinə görə, uşaqları tərbiyə etmək üçün sayısız cəzalandırma metodları var:

“Döymə, fiziki şiddət heç bir halda bu metodlardan biri deyil. Şüursuz, psixoloji problemləri olan valideynlər uşaqlarını davamlı döyməklə insanlara nifrət aşılayır. Kriminal insanların da əksəriyyəti mıhz belə ailələrdən çıxır. Uşaqlar sağlam psixologiyada böyüdülməli, səhvləri izah edilərək tərbiyə olunmalıdır. Səhv edən uşaqlara müəyyən qadağalar, sərhədlər qoyulmalıdır. Bu dediklərim sadəcə valideynlərə yox, müəllimlərə də aiddir. Uşaqları özbaşına buraxmaq da olmaz. Dediyim kimi fiziki zorakılıq olmadan başa salınmalı, müxtəlif cəza metodlarından istifadə etməklə onlara düzgün tərbiyə verilməlidir. Uşağı döymək olmaz, cərimələnərik deyib onları özbaşına buraxmaq, hər istədiyini edən tərbiyəsiz bir uşaq yetişdirmək də cəmiyyət üçün eyni dərəcədə zərərlidir. Uşaqları körpəliyindən elə öyrətmək lazımdır ki, onların döyülməsinə ehtiyac qalmasın. Həm müəllimlər, həm də valideynlər bu qaydalara əməl etməlidir. Əks halda, sağlam uşaqlar böyüdə bilməyəcəyik. Hər kəs dünyaya gətirdiyi uşağı cəmiyyətə sağlam fərd kimi təqdim eyməyi özünə öhdəlik bilməlidir. Mən hətta təklif edirəm ki, cinayət törədən uşaqların valideynləri də cəzalandırılmalıdır. Bu da digər valideynlərə dərs olmalıdır ki, vaxtında uşağa düzgün tərbiyə vermək lazımdır. Evdə düzgün tərbiyə görən uşaqlar heç vaxt başqalarına qarşı ölümcül səhvlər etmir. Bu cür təhlükəli uşaqlar məhz psixoloji problemli valideynlərin əsəridir. Ümid edirəm ki, dəyişikliklər mövcud duruma müsbət təsir göstərək və icra mexanizmi effektiv olacaq”