Küçəyə zibil atmaq daxili mədəniyyət məsələsidir - Psixoloqdan sərt sözlər

  • Onlar cəzalanmadıqlarına görə, ictimai qınağa məruz qalmadıqlarına görə eyni davranışları təkrarlayırlar

Avtomobildən yola zibil atmağa görə qanunvericilikdə cərimə nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu qaydanı pozan şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Hərəkətdə olan nəqliyyat vasitəsindən yola, yol kənarlarına zibil və ya digər əşyaların atılmasına görə cərimənin məbləği 40 manatdır.

Əgər atılan zibil magistral yollarda və ya şəhər küçələrində məişət tullantılarının müəyyən edilməmiş yerlərə (urnalardan kənara) atılması kimi qiymətləndirilərsə, fiziki şəxslər üçün cərimə məbləği 300 manat təşkil edir. Qanunvericilikdə konkret cəza nəzərdə tutulsa da, bəzi şəxslər görünür, özlərini qanundankənar hesab edirlər. Evlərindən çıxardıqları zibilləri, yeyib-içdiklərinin qalıqlarını hara gəldi tullayanlar hələ də çoxdur. Avtomobili pəncərəsindən yola zibil tolazlayanlar da həmçinin. Sosial şəbəkədə yayılmış videolardan birində hərəkətdə olan avtomobilin arxa oturacağında əyləşmiş şəxsin əlindəki qarpız qalıqlarını açıq pəncərədən yola tulladığı görüntülənib. Videoda qeyd edilir ki, bu şəxs Xaçmaz rayon Yergüc kənd icra nümayəndəliyinin baş məsləhətçisi Cavid Arzumanovdur. Əgər vdeoda görüntülənən həqiqətən həmin şəxsdirsə, deməli, məmurlar arasında – xırdası, irisi fərq etmir, qanunları heçə sayanlar var.  

Cavid Arzumanov haqqında məlumat budur ki, Vətən Müharibəsi qazisidir. Vətən Müharibəsində Qubadlı, Füzuli, Suqovuşan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüş xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Qubadlının azad olunmasına görə" və Baş nazir Əli Əsədov tərəfindən "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Vətən müharibəsindən sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib, sonra isə icra başçısının əmri ilə Yergüc İnzibati Ərazi Dairəsinin nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. 

Vətən qazisi olmaq, təltiflərə layiq görülmək və vəzifə sahibi olmaq yola zibil atmaq haqqı verirmi? Burada psixoloji amil rol oynayırmı?

Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında küçəyə zibil atan şəxslərin davranışını daxili mədəniyyət, tərbiyə və eqoizmlə əlaqələndirdi: 

- Bu məsələyə sosial psixoloji aspektdən yanaşsaq, burada ictimai məsuliyyətsizlik, şəxsi keyfiyyət baxımından isə eqoizm önə çıxır. Küçəyə zibil atan şəxslər, kimliyindən, hansı statusu, hansı vəzifəni daşımaqlarından asılı olmayaraq öz rahatlıqlarını düşünən insanlardır. Onlar təmizliyi yalnız öz evləri və ya şəxsi məkanları çərçivəsində qəbul edir, ümumi istifadədə olan yerlərə qarşı heç bir məsuliyyət hiss etmirlər. İnsanın cəmiyyətdəki davranışı birbaşa ailədən aldığı ilkin tərbiyə və mənimsədiyi vərdişlərlə bağlıdır. Valideynlərin bu məsələdə övladlarına düzgün nümunə olmaması gələcəkdə bu cür neqativ vərdişlərin formalaşmasına səbəb olur. İnzibati cərimələr var, bəli. Lakin görünür, bəzi şəxslər yol kənarına zibil atarkən onları kimsənin görməyəcəyini, müşahidə kameralarına tuş gəlməyəcəkərini bilirlər, zibili elə yerdə, elə məqamda atırlar ki, orada kamera çəkimi yoxdur, arxayındırlar ki, cərimə edilməyəcəklər. Bu da daxili mədəniyyət məsələsidir. Əgər vətəndaş bilirsə ki yol kənarına, küçəyə zibil atmaq qanunla qadağandır, buna görə cərimə ediləcək, bu hərəkətə yol verməməlidir. Bu, onun vətəndaşlıq vəzifəsidir. Bir insan kimi isə bu daxili mədəniyyətin göstəricisidir. Kimsə görməyə bilər. Bəs insanın özü? Özü yaxşı hərəkət etmədiyii bilir, bilməlidir. İctimai qınaq da zəifdir bizim cəmiyyətdə. Bu da insanların yanlış davranışlarını davam etdirməsinə bir səbəbdir. Onlar cəzalanmadıqlarına görə, ictimai qınağa məruz qalmadıqlarına görə eyni davranışları təkrarlayırlar. 

P.S. 

Cavid Arzumanovu dinləməyə hazırıq.