Alim Qasımovun tələbəsi, amma efir davranışı mübahisəlidir
Xəzər TV-də yayımlanan “Qonaqcanlı” verilişinin qonağı olan müğənni Mətanət Əsədova özünü əsl “qədeş” kimi aparırdı. Bəlkə də bu, aparıcı Aytəkin Mərdanovanın təqdimatından irəli gəlirdi. Aytəkin xanım Mətanət xanımı tamaşacılara elə tərzdə təqdim etdi ki, kim olsa özünü göyün yeddinci qatında və hər hansı etik davranış, efir mədəniyyəti qaydalarına riayət etmək məsuliyyətindən azad hiss edərdi.
Aytəkin xanım “xalqımızın dəyər verdiyi sənətkar (!) “Mətanət Əsədova!” dedikdə, ümidlərimiz puç oldu. Bu cür təqdimatın ardınca əstəğfurullah, az qalmışdı küfrə qapılıb ehtimal edək, bəlkə Şövkət xanım, ya Rübabə xanım “dirilib”, səhnəyə çıxır? Bu mümkünsüz olacaq işdən daşınıb, “yəqin qonaq xalq artisti Zeynəb Xanlarovadır”, Amma Mətanət Əsədova “çıxdı”. Həm də necə. Əli cibində! Dedik, bəlkə təqdimatdan çaşıb, eyforiyaya qapılıb, əlini cibindən çıxarmaq yadından çıxıb. Amma müğənni xanımın eyforiyası bitmədi. Veriliş boyu əlini cibində gəzdirdi. Digər qonaq, müğənni, Respublikanın əməkdar artisti Elnarə Abdullayeva təşrif buyurdu, dedilər, güldülər, Mətanət xanım hələ də “qədeş”lər kimi əlini cibində saxladı. Arada “çaşıb” çıxarırdı, sonra “səhvini” tez düzəldirdi. Yəni, imicinə sadiq qalırdı. Deyilənə görə, Mətanət Əsədova xalq artisti, xanəndə Alim Qasımovun tələbəsidir. İfaçılığı öyrənib Alim Qasımovdan, amma efir davranışı məsələsində təəssüf ki nümunəvi şagird sayıla bilməz.
Bu proqram bir daha təsdiqlədi ki, mədəniyyətimiz, yaşı əsrlərə dayanan ifaçılıq sənətimiz kimlərinsə əlində yox, məhz cibindədir. Təəssüf.