Müəllimini güllələyən şagirdə cinayət işi düzgün açılıb - Hüquqşünas

Cəzası 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə ola bilər

“İdrak” liseyində müəllimini güllələməkdə təqsirləndirilən şagird barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Fakt üzrə AR Cinayət Məcəlləsinin 29, 120.1- maddəsiylə cinayət işi açılıb.

Bu barədə “Sherg.az”a danışan hüquqşünas Mehman Muradlı göstərilən maddə ilə cinayət işinin açılmasını düzgün hesab etdiyini dedi: 

- İstintaq orqanı düzgün qərar verib. Bu hadisədə birbaşa qəsd var. Ola bilər sonra tövsif olunsun. Amma hazırda bu maddə ilə istintaq aparılacaq. CM-nin 120.1 maddəsi də verilə bilərdi. Çünki baş vermiş hadisədə qabaqcadan planlama,ölümə təşəbbüs var. Cinayət Məcəlləsinin 120.1-ci maddəsi qəsdən adamöldürməni (ağırlaşdırıcı hallar olmadan) nəzərdə tutur. Məzmunu qısa desək; bir şəxsin digər şəxsi qəsdən həyatdan məhrum etməsi. Əgər hadisə 120.2-də göstərilən ağırlaşdırıcı hallara (məsələn, xüsusi amansızlıq, bir neçə nəfərin öldürülməsi və s.) düşmürsə cəzası 9 ildən 14 ilədək azadlıqdan məhrumetmə ola bilər. Yetkinlik yaşına çatmaması nəzərə alınacaqmı, gələcək göstərər.