
Narkomaniyaya meyl artıb! - Hamının günahı var: valideyn də, müəllim də, məmur da...
Son dönəmlər narkomaniyaya meylin artmasının şahidi oluruq. Bu zərərli tendensiya həm gənclər, həm də orta yaşlılar arasında müşahidə olunur. Məlum halların qarşısının alınmasına dair təhsil ocaqlarında maarifləndirici tədbirlər təşkil olunur. Amma bu kimi addımlar hər zaman işə yaramır. Ailə mühitinin təsirindən yaxud da gənclərin düzgün seçilməyən ətrafından belə zərərlər gələ bilir. Gənclərimizi bu uçurum kənarına çəkmək daha asan olur.Məxsusi olaraq Vətən müharibəsindən sonra narkomaniya meylin artması, narkotik vasitələrin asanlıqla əldə olunması təsadüfi sayıla bilməz. Azərbaycan gəncliyinin, eləcə də bütün vətəndaşlarımızın birlik, həmrəylik və iradəsini sındırmaq üçün onları bu sayaq zərərli vərdişlərə cəlb etmək istəyirlər. Əlbəttə, niyyət aydındır: Azərbaycanın, eləcə də gəncliyimizin gələcəyinə “balta saplamaq”. Ən dəhşətli məqamlardan biri isə budur ki, həmin məkrli qüvvələr öz çirkin əməllərini sosial şəbəkələr üzərindən həyata keçirirlər. Amma onu da qeyd etmək yerinə düşər ki, həmin mərkəzlərə və ya şəxslərə qarşı ölkəmiz davamlı tədbirlər həyata keçirir. Belə addımladan biri də biri də dünən polis əməkdaşlarının əməliyyat keçirərək 13 nəfəri saxlamasıdır. “Sherg.az” xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirərək narkotiklərin satışının həyata keçirildiyi şəbəkəyə daxil olan 13 nəfər saxlanılaraq 27 kiloqrama yaxın narkotik vasitəsilə aşkar edilib.

Mövcud durum və vəziyyət çıxış yolu barədə “Sherg.az”a danışan narkomaniya məsələləri üzrə ekspert Emil Maqalov bildirib ki, mənim narkomaniya ilə bağlı olduğum 9 ölkədə, hətta inkişaf etmiş ölkələrdə də narkotiklər var və həmişə olub:
“İnsanlar düşünür ki, Azərbaycanda bu daha çox yayılıb. Amma belə deyil. Azərbaycanda vəziyyət Avropanın bir neçə ölkəsindən qat-qat yaxşıdır və Azərbaycan polisi bununla mübarizədə ətraf ölkələrdən – İran, Gürcüstan, Ermənistan və Dağıstandan seçilir. Avropaya miqrantlar gəldikdən sonra vəziyyət ağırlaşdı. Əlbəttə ki, bütün qurumların arasında “yolunu azmış” insanlar var. Həmin insanların düzgün yolda olmamasının nəticəsidir ki, bizdə də digər dövlətlərdəki kimi narkotikin satışı təşkil olunur”.
E.Maqalov diqqətə çatdırıb ki, narkobiznesin qarşısını almaq mümkün deyil:
“Əgər bu, mümkün olsaydı, Amerika,Avropa və digər inkişaf etmiş ölkələr edərdi. Demək ki, biz nə düşünürüksə, narkotacirlər daha yaxşısını düşünür və digər yollar tapa bilir. Narkomaniyaya qarşı mübarizə təkcə dövlət qurumlarının deyil, həm də cəmiyyətin işidir. Cəmiyyət “yaxasını kənara çəkib”, hər şeyi dövlət qurumlarından gözləyir. Amma bu dövlətin işi olsa da, narkomanlar, ölənlər, bu bəlalara düçar olanlar həmin cəmiyyətin insanlarıdır”.
Ekspert həmçinin əlavə edib ki, amfetamin (patı), metamfetaminlər (şüşə) artıq 5 ildən çoxdur ki, Azərbaycanda var:
“Cəmiyyət xəbərdar olub, buna qoşulduqdan sonra həm dövlət qurumlarının işi gücləndirildi, həm də cəmiyyətdən bəzi insanlar bu sahəyə maraq göstərdi. Bu narkotik maddələr yayılsa da, ilk vaxtlar çoxları bundan xəbərsiz idi. Çünki pandemiya səbəbindən karantin oldu, yollar bağlandı, gözə çarpmırdı. Daha sonra qapanmalar aradan qaldırıldı, yollar açıldı və əsas məsələ yay vaxtı başladı. Narkotacirlərin, narkotik istifadəçilərinin fəaliyyəti əsasən yay vaxtına təsadüf etdi, insanlar da elə düşündü ki, amfetamin, metamfetaminlər birdənbirə yarandı”.
E.Maqalov qeyd edib ki, bununla bağlı məktəblərdə, universitetlərdə tədbirlər keçirilir, təbliğatlar aparılır, tədbirlərin bəzi hallarda nəticəsi olmur:
“Məni riskli qruplar olan yerlərə dəvət edirlər. Məsələn, universitet rəhbəri, prorektor, polis və mən əyləşirik. Gənclər bu insanlardan çəkinir və suallarını rektorların, polislərin yanında ünvanlaya bilmirlər. Təlimlər, tədbirlər keçirilsə də onlara şərait yaradılmır”.
Ekspertin sözlərinə görə problemin ən başlıca səbəbi budur ki, tədbirlərə lazım olan kontingenti cəlb edə bilmirlər:
“Fikir versək, görərik ki, tədbirlərə yalnız öndər, yaxşı oxuyan, bu sahədən xəbəri olan gəncləri gətirirlər. Yəni tində duran, özünü pis aparan gəncləri orada görə bilmirik və həmin kontingentin bu sahədə yalnız çöldən məlumatı olur. D övlətin bəzi layihələri var ki, bunları QHT-lər edə bilir, amma faktiki dövlətin etdiyi nəticəsizdir. Bu sahəni mütləq QHT-lərə həvalə etməli, əsasən layihələr işlənməlidir. Çox ailədə valideynlər səhər gedir, axşam gəlilər, uşaqlara, yeniyetmələrə nəzarət edə bilmirlər. Övladın pis vəziyyətdə olmasını valideyn hər zaman sonda bilir. Valideyn düşünür ki, mənim övladım düzgün şəxsiyyət kimi formalaşır. Nəticədə gənclərimizin artıq 10 faizi son 5 ildə yaranmış metamfetamindən istifadə etməyə başlayıb. Mən valideyndə 10-20 faiz günah görürəm. Çünki onlar uşağı böyütmək üçün işləyir və nəzarət itir. Övladların da gününün çoxu yolda, məktəbdə, universitetdə keçir. Demək günahın ən az 10 faizi də təhsil ocaqlarındadır”.
Sücayət Mehti