“Qızları kişi, oğlanları qadın kimi rəqs etdirmək cəmiyyəti uçuruma aparır” - SOSİOLOQ

"Kiçik yaşlı uşağln səhnəyə çıxarılıb bədənini nümayiş etdirməsi uşaq istismarının əyani sübutudur"

Sosial şəbəkədə kiçik yaşlı bir qızcığazın hansısa şənlik məclisində müğənniylə birlikdə səhnə aldığı videosu yayılıb. Qızcığaz sinəsi, qarın nahiyəsi açıq geyimdə mahnının sözlərinə sanki uyğunlaşaraq cəlbedici hərəkətlər edir. Bu, rəqs deyil.

Bədəni əsdirmək, işvəli hərəkətlərlə, kobud desək, özünü burcutmaqdır. Məlum deyil, qızcığaz müğənninin övladıdır, səhnəyə çıxarıb özüylə birlikdə, yoxsa şənliyə gələnlərdən kiminsə övladıdır, yaxud hansısa sərsəm valideynin, bütün hallarda iyrənc görüntüdür. “Epşteyn adası”ndakı dəhşətlər bunun təzahürlərinin günümüzdə də çox yayğın olduğunu ortaya çıxardı. Bir sıra psixoloq və sosioloqlar qeyd edir ki, dünyaya yeni trendlər diktə edilirdi, amma böyük əksəriyyət buna sadəcə yenilik, dəb kimi baxırdı. Məlum olur ki, dünyaya “yeni dəb” kimi sırınan trendlərin arxasında məkrli siyasət dayanırmış. Məsələn, körpələrin, qız uşaqlarının geyimlərində böyüklərə xas elementlər, qadınların geyimlərində isə uşaq elementlərinin tətbiqi doğru ölçülərin bilərəkdən dəyişdirilməsi məqsədi daşıyır. Kiçik yaşlı uşaqların yaşından böyük görünməsi hormonlarda sürətli dəyişiklik, inkişafa səbəb olur ki bu da cəmiyyətdə tarazlığın pozulmasına təkan verir. Yaxud da gənc xanım, orta yaşlı qadın niyə, nədən uşaqlara uyğun gələcək libas geyinib özünü uşaq kimi hiss etməlidir? Belədə cəmiyyət əlbəttə, baş-ayaq yox, ayaq-baş olacaq.        

Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu problem çoxdan var və sağlam düşüncəli insanlar buna hər zaman etiraz edib: 

- Xatırlayarsınız, biz Lalə xanımla (Lalə Mehralı – M.R.) qızlara kişi, oğlanları qadın kimi rəqs etdirən rəqs kurslarını tənqid etmişdik, tv-kanalımızda. Bu, çox ciddi problemdir, cəmiyyəti uçuruma aparan bəladır. İnsan inana bilmir ki, valideynlər övladlarının əlindən tutub bilərəkdən aparır bu kurslara. Dəhşətli bir problemdir. Valideynlərin məqsədi budur ki ad günü, nişan, toy məclislərində övladları rəqs edib pul qazansınlar. Dəhşətli həm də budur ki, efirı dəvət edilən bəzi rəqs müəllimləri bu cür üzdəniraq rəqsləri yeni dəb, yeni moda, təlabat kimi qələmə verirlər. Bizim milli rəqslərimiz sanki “arxaikləşib” və daha lazım deyillər. Bu cür təfəkkürlə, bu cür yanaşma ilə biz uçuruma sürüklənirik. Sahibkarlıqdır, deyib hər kəsə istədiyini etməyə icazə vermək olmaz. Bir halda ki qazanc güdən kimlərinsə fəaliyyti nəticəsində milli dəyərlərimiz sıradan çıxarılır, onlara imkan vermək qətiyyən olmaz. 

M.Məmmədova bildirdi ki, kursların açılması, fəaliyyət göstərməsi valideynləri çaşqınlığa salmamalıdır: 

- Lap tutalım hardasa rəqs dərnəyi fəaliyyət göstərir. Bəs ana, ata uşağını aparıb rəqs kursuna qoyanda baxmır ki o necə rəqs edir, hansı rəqs forması öyrədilir? Əgər bunu etmirsə, deməli məqsəd başqadır. Məqsəd yalnız qazanc əldə etməkdir. Bunun acı nəticəsi isə cəmiyyətdə özünü biruzə verəcək. Qadın kişi kimi olacaq, kişi qadın kimi. Azərbaycan xalqının tarixi əsrlərə dayanan rəqs mədəniyyəti var. Xanımlar incə, axar su kimi lətafətlə, kişilər ağayana, güclü, igid ər kimi rəqs edirlər. Biz niyə bu dəyərimizi itiririk?!.

Sosioloq qeyd etdi ki, kiçik yaşlı uşağln səhnəyə çıxarılıb bədənini nümayiş etdirməsi uşaq istismarının əyani sübutudur: 

- Bu haqda nə qədər danışırıq, deyirik, sanki insanlar yuxudadır, oyanmırlar. Çığırıb-bağırıb insanları oyatmaq istəyirsən ki ayılın, axı sizin kiçik yaşlı balanızın bədəni niyə ümumi nümayişə çıxarılmalıdır, niyə kimsə ondan sui-istifadə etməlidir? Deməklə olmur, tənqidlə olmur. Mən artıq bilmirəm nə edək, necə edək ki, bu dəhşətli halların qarşısı alınsın. Bunun qarşısını almağın bir yolu var, o da cəzaları sərtləşdirmək. “Uşaq hüquqları haqqında” qanun var, qanunun tələblərinə əməl edilməlidir. Qanunun icrası mütləq olmalıdır. 

Hər kəs səsini çıxarmalı, qanunun tələblərinə əməl olunmasını tələb etməlidir. Biz həyatımızı İnstagramın, TikTokun əlinə verməməliyik. Sünu intellektlə görürük nələr düzəldilir, nələr ortaya çıxır. Sosial şəbəkələrlə bağlı da qanun qəbul olunub. Qanunu pozanlar ciddi cəzalanmalıdır. Hər bir valideyn də düşünməlidir, övladını hansı istiqamətə sürükləyir. Oriyentasiyası kiçik yaşlardan dəyişikliyə uğradılan uşaq böyüdükcə həyatı dəhşətli hal alacaq. Kiçik yaşlı qızları yaşından böyük göstərən şəklə salmaq, geyindirməklə onları vaxtından əvvəl böyütmüş oluruq. Bu, tamamilə yanlış metoddur. Hər yaşın öz spesifikası var. Yetkinlik yaşına çatmamış qızcığazın dodağına boya, üzünə ənlik, kirşan çəkməklə, əyninə oriyental rəqs geyimi geyindirməklə onun normal inkişafını əngəlləyib səhv istiqamətə dəyişirik. Bizim adətlərdə oğlan uşaqlarını başına buxara papaq qoymaq ənənəsi olub. Bu, oğlan uşağına erkən yaşlardan kişi duruşu, mərdlik, igidlik xüsusiyyətlərinin aşılanması üçün idi. Amma qızlarımız incə, məsum böyüdülürdü. Təəssüf ki son illərdə qızlaırmızın məsumiyyətini itirmək üzrəyik. Kiçik yaşlı qız övladına oriyental rəqqasə paltarı geyindirib yüzlərlə insanın qarşısında oynamasına razılıq verən valideynin sağlam ağıl sahibi olması isə şübhəlidir.