Nəsimi Nəbizadə və Ceyhun Əsgərovun reabilitasiya mərkəzi açması düzgün deyil

“Qurtuluş” Reabilitasiya Mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdə müalicə alan bütün xəstələr evə buraxılıb. Yaxın zamanda sözügedən mərkəz qanun pozuntuları və orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə gündəm olmuşdu. Son günlərdə çoxlu reabilitasiya mərkəzi açıldığı müşahidə olunur. Nəsimi Nəbizadə, Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov da yeni reabilitasiya mərkəzi açmaq istədiklərini bildirir. 

Mövzu ilə bağlı psixologiya üzrə fəlsəfə doktoru, Qarabağ Universitetinin müəllimi Ramin Allahverdiyev “Sherg.az” bildirib ki, narkomaniya, alkoqolizm, toksikomaniya, qumar asılılığı və digər asılılıqların müalicəsi ağır, uzunmüddətli və çətin bir prosesdir:

“Narkomaniya, ciddi peşəkar yanaşma və multidissiplinar komanda işi tələb edən bir xəstəlikdir. İlk növbədə, şəxsin qəbul etdiyi maddənin növü, həmin maddələrdən istifadə müddəti, eləcə də hazırkı psixoloji vəziyyəti və nevroloji ağırlığı nəzərə alınaraq fərdi müalicə planı müəyyən edilir. Əgər şəxs ciddi ağrılardan əziyyət çəkirsə, detoksifikasiya prosesindən keçməlidir. Detoksifikasiya orqanizmin zərərli maddələrdən təmizlənməsi və şəxsin fiziki ağrılardan azad olunması mərhələsidir. Bu mərhələ ona görə vacibdir ki, şəxs sonrakı psixoterapiya mərhələsinə daha adekvat və daha hazırlıqlı şəkildə qoşula bilsin. Bu, məsələnin peşəkar tərəfidir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda çox vaxt bu mərhələlərə lazımi şəkildə əməl olunmur. Maddə asılılığından əziyyət çəkən şəxslər bəzən daha çox marketinq yönümlü yanaşmalar tətbiq edən qurumlar tərəfindən reabilitasiya mərkəzlərinə yönləndirilirlər. Bəzi hallarda isə reabilitasiya müəssisələrinin əksəriyyətində, ümumiləşdirmə aparmaq istəmirəm, lakin böyük bir qismində fərqli və effektiv yanaşmalar tətbiq edilmir. Demək olar ki, psixoloq və ya psixoterapevt fəaliyyəti mövcud deyil. Akademik və elmi əsaslara söykənməyən metodikalardan istifadə olunur, fərdlər müəssisədə məcburi şəkildə saxlanılır və iradələrinə zidd olaraq müəyyən proseslərə cəlb edilirlər. Halbuki bu sahədə peşəkar və akademik əsaslı yanaşma vacibdir”. 

Ekspert əlavə edib ki, qeyd etdiyimiz şəxslərlə bağlı onu deyə bilərəm ki, hazırda onların maddədən uzaq qalma dövrü çox qısadır:

“Bu səbəbdən onların fəaliyyəti barədə müsbət və ya qəti rəy vermək hələ tezdir. Onlar uzun müddət maddəsiz həyat sürməli, bu yeni həyat tərzində özlərini təsdiqləməli və əldə etdikləri təcrübəni praktik olaraq tətbiq etməlidirlər. Yalnız bundan sonra başqalarına yardım etmək istiqamətində istəkləri və imkanları formalaşa bilər. Hazırda özləri asılılıqdan əziyyət çəkən şəxslərin reabilitasiya müəssisələrində başqalarına effektiv dəstək verə biləcəkləri məntiqli səslənmir. Burada kimlərisə hədəf və ya nişanə göstərmək niyyətim yoxdur. Qeyd olunan şəxslər bu kontekstdə yalnız nümunə kimi göstərilə bilər”