“OBA” marketdə dondurmalarla bağlı yayılan iddialar təkzib olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masazır qəsəbəsində fəaliyyət göstərən “OBA” marketdə dondurmaların saxlanma şəraiti ilə bağlı yoxlama aparıb.

Sherg.az xəbər verir ki, AQTA-nın təqdim etdiyi rəsmi məlumata əsasən, dondurucularda saxlanılan məhsullara orqanoleptik baxış keçirilib və dondurmaların saxlanma şəraitinin müvafiq tələblərə uyğun olduğu müəyyən edilib. Yoxlama zamanı məhsullarda ərimə halı müşahidə olunmayıb.

Agentliyin məlumatında qeyd olunur ki, avqustun 11-də alıcının dondurmalarla bağlı iradını kassirə bildirməsindən sonra dörd məhsul satışdan çıxarılıb.

Beləliklə, bəzi media resurslarında və sosial şəbəkələrdə yayılan, “OBA” marketdə dondurmaların müvafiq şəraitdə saxlanılmadığı barədə iddialar AQTA-nın keçirdiyi yoxlamanın nəticələri ilə təsdiqlənməyib.