Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu

"İslamda orqan köçürülməsi vəsiyyət varsa icazəlidir"

Hazırda 1300-dən çox şəxs orqan transplantasiyası üçün gözləmə siyahısındadır. Bu barədə APA-nın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat veriib. Eyni zamanda bildiirlib ki, ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edən şəxslərin sayı isə 1400-ü keçib.

Qeyd edilən statistika orqan bağışlanması məsələsinə xalqımızın münasibətinin müsbətə doğru dəyişdiyini göstərir. İllər əvvəl insanlarımız vəfat etmiş doğmasının və ya özünün hansısa orqanının bir başqasına köçürülməsinə ehtiyatla yanaşır, bəzən bunu dinimizə zidd hesab edirdilər. Əslində isə...   

İlahiyyatçı Hacı Arif İsmayılov “Sherg.az”a bildirdi ki, orqan köçürülməsi məsələsinə dair hökmlər islam dinində mərhələli şəkildə təqdim olunub: 

İlk vaxtlar hökm belə idi ki, insan həyatda olarkən sağlam olan hər hansı bir orqanını müəyyən xəstəlikdən əziyyət çəkən digər bir şəxsə bağışlamaq istəyərsə və əgər həmin şəxsin həyatda qalması və sağlamlığı bundan asılıdırsa, eyni zamanda orqanını bağışlayan şəxsin səhhətinə heç bir zərər dəyməyəcəksə, bu halda orqan köçürülməsinə icazə verilirdi.

Adətən mübahisəli məqamlar dünyasını dəyişmiş insanlardan orqanların köçürülməsiylə bağlı olur. Dinimizdə dünyasını dəyişmiş insandan orqanlarının çıxarılması caiz hesab edilmir, bu əsasla ki vəfat etmiş insana hörmət və ehtiram diriyə olan hörmət və ehtirama bərabərdir. Amma burada da bəzi istisnalar var. Əgər insan dünyasını dəyişməzdən öncə vəsiyyət edibsə, orqanlarının bağışlanmasını, vərəsələr buna əməl etməlidir. Bu, şəriət baxımından icazəlidir. Orqan satışı isə ümumiyyətlə dinimizdə haramdır.