"Ordu ilə bağlı mövzularda hər kəs həssas olmalıdır"

  İnformasiyanın əldə edilməsi, saxlanması və yayılması vasitələrinin sürətli inkişafı, informasiya infrastrukturunun genişlənməsi hərbi sirlərin qorunması, yayılmasının qarşısının alınması ilə əlaqədar yeni vəzifələr müəyyənləşdirir. Bu, ilk növbədə internet mediada və sosial şəbəkələrdə hərbi sirlərin yayılmasının qarşısının alınması ilə bağlı vəzifələrdir. Dünya təcrübəsi göstərir ki, bu sahədə çox dəqiq qanunvericilik tənzimlənməsinin həyata keçirilməsi zəruridir. Əlavə olaraq maarifləndirmə və monitorinq tədbirlərinə ciddi ehtiyac var. Əlbəttə, bu tədbirlərin görülməsi senzuranın sərhədlərinin genişləndirilməsi kimi yox, belə halların zamanında aşkarlanması və adekvat reaksiya verilməsi mexanizmlərinin yaradılması kimi qiymətləndirilməlidir. İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericilikdə “hərbi sirr” anlayışı yoxdur. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda “dövlət sirri” anlayışından istifadə edilir. Buraya dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar aid edilir. Göründüyü kimi, belə məlumatların əsas xüsusiyyəti Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilməsi ilə xarakterizə olunur və dövlətin konkret fəaliyyət istiqaməti ilə bağlıdır. Hərbi əməliyyatlar barədə məlumatlar rəsmi dövlət strukturuna istinadən verilməlidir. Çünki həmin orqan bu sahədə vahid dövlət siyasətini əks etdirir və məlumat ötürülərkən dəfələrlə təhlil edilir. Əldə edilən hərbi sahə ilə bağlı istənilən xəbər və məlumat rəsmi mənbələrlə mütləq dəqiqləşdirilməlidir. Ola bilsin ki, verilən informasiyalar heç “hərbi sir” kimi identifikasiya edilməsin. Lakin bu məlumatların yoxlanılmadan tirajlanması müxtəlif şayiələrə, panikaya yol aça bilər. O baxımdan hərbi sahə ilə bağlı hər hansı məlumat yayanlar, sosial şəbəkədə paylaşım edənlər bunun hansı nəticələrə gətirib çıxaracağı üzərində mütləq düşünməlidir. 
  Qeyd edək ki, son günlər bəzi sosial media istifadəçiləri Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlayıb. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində tədbirlər görülüb. Sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri Fikrət Fərəməzoğlu, “miq.az” saytının rəhbəri Aqil Alışov və bir neçə şəxsə xəbərdarlıq edilib. Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

  Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a deyib ki, sosial şəbəkələrin mövcudluğu dövründə bəzi məlumatların məxfiliyini qorumaq, dezinformasiyaların qarşısını almaq çox çətindir. Ekspertin sözlərinə görə, təəssüf ki, bəzi insanlar ordumuzla bağlı hansısa məlumat yayarkən bu işin məsuliyyətini başa düşmürlər: “Kiminsə həbs olunmasının tərəfdarı olmadığını bildirən ekspertin sözlərinə görə, ordu ilə bağlı dezinformasiyalar yayan və yaxud da məxfiliyi pozan şəxslər cəzalandırılmalıdır. Cəza ona görə tətbiq edilməlidir ki, səhvlərini anlasınlar. Kiçik bir ehtiyatsız davranış ordunun şəxsi heyətini zərbə altında qoya, əməliyyatın gedişinə təsir göstərə bilər. Silahlı Qüvvələrimizlə bağlı saxta, qeyri-dəqiq məlumat yayan insanlara qarşı mübarizə davam etdirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusu 2 il qabaq 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edən ordudur. Həmin qələbəni unutmaq, bu zəfərə kölgə salmaq olmaz”. Ü.Cəfərov vurğulayıb ki, ordunun reputasiyasını daim qorumaq lazımdır: “Çünki əsgər və zabitlər dövlətin əsas dayaqlarından biridir: "Dövlət Təhlükəsizliyi Xidməti xarici kəşfiyyata işləyən, onların sifarişləri ilə müəyyən addımlar atan insanlara qarşı ciddi tədbirlər görüb və görməkdədir. Əlbəttə, bu mübarizə gələcəkdə də davam etməlidir”.
  “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, Baş Prokurorluğun məlumatı hələ də bəzilərinin Aprel və Tovuz döyüşlərinin, eləcə də 44 günlük müharibənin dərslərindən nəticə çıxarmadıqlarını sübuta yetirir: "Bütün bunlar kimlərinsə “ağıllı görünmək” niyyətindən doğan "tezisləriylə" opponentlik etməyə çalışan xroniki narazıların mövqeyinin nə qədər təhlükəli olduğunu nümayiş etdirir: “Baş verənlərə münasibətdə Baş Prokurorluğun çevik reaksiyası, şübhəsiz ki, təqdir olunmalıdır. Amma ictimai maraqların müdafiəsi təkcə Baş Prokurorluğun, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının vəzifəsi deyil. Dövlətin vətəndaşlar qarşısında Konstitusiyadan və digər qanunvericilik aktlarından irəli gələn vəzifələri olduğu kimi, vətəndaşların da dövlət qarşısında vəzifə və məsuliyyətləri var. Baş verənlər “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Prezidentin 24 sentyabr 2014-cü il tarixli sərəncamında yer alan məsələlərin aktuallığını da bir daha gündəmə gətirir. 
  Sözügedən sərəncamda cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi barədə izahat işinin təşkil edilməsinin vacibliyi vurğulanır. Respublika Baş Prokurorluğunun məlumatında yer alan məqamlar da sübuta yetirir ki, bu proses davamlı olmalı, maarifləndirmə işi fasiləsiz olaraq həyata keçirilməlidir”. 
  E.Mirzəbəyliyə görə, bununla yanaşı, Sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi də cəbhəboyu zonadakı vəziyyət barədə məlumatların əhaliyə çatdırılması ilə bağlı nazirliyin mətbuat xidmətinin fəaliyyətinin çevikliyini artırmaq üçün tədbirlər görməlidirlər: “Bu proses kampaniya xarakteri daşımamalı, daha peşəkar, daha çevik şəkildə həyata keçirilməlidir. Qeyd olunanlar söz, ifadə və mətbuat azadlığından sui-istifadə edən, nəzarətlərindəki internet resurslarından yararlanmaqla qanunsuz yollarla pul qazanmağa çalışan, cəmiyyət və dövlət qarşısında məsuliyyətini anlamayan, jurnalist adına ləkə olan şəxslərə qarşı daha sərt mübarizə aparılmasını zəruri edir.  
  Söz, ifadə və mətbuat azadlığı heç bir halda vətəndaşın, cəmiyyətin və dövlətin təhlükəsizliyini təhdid etməməli, ictimai maraqları zərbə altına qoymamalıdır. Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın tələblərinə tam cavab verməklə yanaşı, həm də Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə, ictimai maraqların müdafiəsinə xidmət edir”.