Ramazan: Niyyət, təmizlik və könül gözəlliyi ilə qarşılanmalıdır - İlahiyyatçının mesajı

"Ramazan bağışlanmaq ayıdır. Rəbbimizin qarşısına haqlı olaraq deyil, bağışlanmaq üçün çıxmalıyıq"

Mübarək Ramazan ayının ilk günüdür. Mənəvi çağırışlara ehtiyac duyulduğu bu gündə ilahiyyatçı alim Ağa Hacıbəylidən Ramazanla bağlı firkilərini bölüşmısini rica etdik.

A.Hacıbəyli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, mübarək Ramazan ayına hazırlıq əvvəlki 2 ay – Rəcəb və Şəbanda başlamalıdır: 

- Təbii ki burada maddi deyil, mənəvi hazırlıqdan söhbət gedir. Ramazan ayına mənən, ruhən hazırlaşmalıyıq. Bunun məna yükünə baxsaq, əvvəldən sonadək dərin məna ilı doludur. Bildiyiniz kimi müqəddəs Qurani-Kərim mıhz Ramazan ayında nazil olub. Necə ki Qurani-Kərim “Oxu” ilə başlayıb təqva ilə sonlanır, bizim hər birimiz həyatımızı, ibadətlərimizi bunun üzərində qurmağa çalışmalıyıq. Oruca başlayırıqsa, öncə niyyətdir. Niyyət nədir? Könül torpağının gözəlçə şumlanması. Yəni, təkəbbürdən, lovğalıqdan, kindən, həsəddən, sui-zənndən – şeytani xəstəliklərdən qurtulmaq. Bunun üçün doğmalarımızdan, yaxınlarımızdan, qohum-əqrəbadan, dostlardan halallıq almaq. Çünki Ramazan bağışlanmaq ayıdır. Rəbbimizin qarşısına haqlı olaraq deyil, bağışlanmaq üçün çıxmalıyıq. Buna görə də əvəvlcə öz ətrafımızdakılardan halallıq alıb bağışlandığımıza əmin olmalıyıq. Şərt deyil ki kiməsə “mən filan vaxt sənin qəlbini qırmışam, bağışla”, deyəsən, çünki bu söz araya yenidən inciklik sala bilər. Bir xoş əməllə, xoş sözlə insanın könlünü xoş etsək, aradakı inciklik əriyib gedəcək. Çaışaq, iblisin oyununa gəlməyək. Sülh elan edək, könlümüzdə. Rəbbin qarşısına bəzənmiş süfrələrlə deyil, təmizliklə bəzənmiş qəlblə, zahiri deyil, batini gözəlliklə çıxaq. Ramazan ayı daxil olub, bəs biz necə, Ramazana daxil olmuşuqmu? Özümüzü bu mübarək ayda hiss etmık istəyiriksə, onun fəzilətlərini bilib, anlayıb, tələblərinə əməl etməliyik. Ramazan insanı ac qoyan, ac saxlayan ay deyil, onu fitrərinə döndərən, fitrətini xatırladan aydır. Rəcəbdə Rəqaib qəndilini, Şəbanda Bəraət gecəsini yaşadıq. Qarşıda isə Qədr gecələri bizi gözləyir. Qədr gecələrinin ruhunu anlamaq istəyiriksə, tövbəyə ehtiyacımız var. Ramazan elə bir mübarək aydır ki kainatın ritmi dəyişir. Bunu hiss etmək, bunu yaşamaq istəyiriksə qəlbimizi saflaşdırıb Rəbbimizə yönəlməliyik. Dualarımızın qəbul olunacağından əmin olaq. Çünki, bu ölkənin 30 min şəhidi var. Onlar bizim daha rahat, güvənli, daha bərəkətli yaşamamız üçün şəhadət şərbətini içdilər. Şəhidlərin ruhu dualarımızın qəbuluna vəsilə olacaq. Çalışaq bu ayda Vətən uğrunda canından keçən, bədənində ağrı, acı gəzdirən qazilərimizə, möhtac insanlarımıza yardım edək, Rəbbimizin razılığını qazanaq. Mübarək Ramazan ayı xalqımız, millətimiz, dövlətimiz üçün mübarək olsun.