- Şota Rustavelinin abidəsinin milli kitabxanamızın fasadında qoyulması normaldır
- Bakı ümumiyyətlə, Qafqazın mərkəzidir. Bir vaxtlar Tifis mədəni mərkəz sayılırdı. Amma indi Bakıdır mərkəz
Paytaxtımızda qonaq olan gürcü turistlər M.F. Axundov adına Azərbaycan Milli Dövlət Kitabxanasının fasadındakı – eyvanında heykəllər arasında Şota Rustavelinin abidəsini görüb heyran qalıblar. Gürcü turistlər fəxrlə, qürur hissi ilə “bizim dahi Şota Rustavelinin abidəsi var burada” deyə, abidənin görüntülərini paylaşıblar. Qısaca məlumat verək ki, Axundov adına kitabxana binasının tikintisinə 1950-ci illərdə görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında başlanılıb, 1960-cı ildə isə açılışı olub. Binanın fasadında Azərbaycanın və dünyanın dahi şəxsiyyətlərinin heykəlləri ucaldılıb.
Ön - əsas fasadda 9 abidə - Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi, Səməd Vurğun, Cəfər Cabbarlı, Aleksandr Puşkin, Dmitri Mendeleyev və gürcü şairi Şota Rustavelinin abidələridir. Sonrakı illərdə binanın yan fasadında da bir neçə abidə qoyulub. Bunlar Əcəmi Naxçıvani, Mirzə Ələkbər Sabir, Soltan Məhəmməd, Bülbül, Niyazi, Rəsul Rzanın heykəlləridir. Niyə məhz Şota Rustaveli görkəmli klassiklər arasında yer alıb? Xalqımızın qonşu xalqlar, ölkələr və dövlətlərə daim mehriban, səmimi münasibət bəslədiyi danılmazdır. Hərçənd qarşı tərəfdən eyni dərəcədə mehribanlıq, səmimiyyət, hörmət gördüyümüzü çox da söyləyə bilmərik. Hələ yaxşı ki, erməni şair və yazıçılarından kiminsə heykəlini qoymayıblar. Yoxsa indi yeri boş qalmışdı. Biz tolerant xalqıq. Olsun, Şota Rustavelinin abidəsi də, başqasının da. Amma dünya mədəniyyətinə yüksək dəyər verdiyimiz halda qarşılıq olaraq eyni münasibət görürükmü, bu sual ətrafında düşünməliyik.
“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında bildirdi ki, Şota Rustavelinin abidəsinin Azərbaycan mütəfəkkirləri, klassikləri arasında yer alması təsadüfi sayılmaz:
- Necə ki Nizami Gəncəvi dünya poeziyasının günəşi hesab edilir, Şota Rustaveli adı da dünyəvidir. O, ömrünün bir hissəsini Yerusəlimdə yaşayıb. Elə orda da dünyasını dəyişib. Mənbələrdə belə məlumatlar var ki, Şota Rustaveli Gürcüstanl tərk edib Yerusəlimə gedir, dünyəvi həyatdan uzaqlaşır, özünü dinə bağlayır, orada Xaç monastırının bərpasına və maliyyələşməsinə rəhbərlik edir, elə orada da dəfn edilir. Mən o monastırda olmuşam. Yəni, Şota Rustavelinin abidəsinin bizim milli kitabxanamızın fasadında qoyulması normaldır. Bakı ümumiyyətlə, Qafqazın mərkəzidir. Bir vaxtlar Tifis mədəni mərkəz sayılırdı. Amma indi Bakıdır mərkəz. Şota Rustavelinin yaradıcılığı dünyəvi mirasdır. Bu mənada dünyəvi mirasa hamı sahiblənə bilər. Necə ki Homerin, Heredotun büst və ya heykəllərini başqa ölkələrdə, başqa şəhərlərdə görürük. Məsələn, Herodotun İzmirdə heykəli var. Hesab edirəm ki, Şota Rustavelinin heykəlinin Bakıda olması milli identikliyə o qədər də sirayət etmir. Gürcülər özlərini Şota Rustaveli ilə ifadə edir. Onun məşhur eposunda hər kəs özündən nəsə tapa bilər. Klassika da elə bu deməkdir.