Fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində baş verən silahlı insident zamanı xəsarət alan müəllimənin səhhəti ilə bağlı rəsmi açıqlama yayılıb. Kliniki Tibbi Mərkəzdən bildirilib ki, təhsil müəssisəsindən təcili tibbi yardım briqadası ilə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya dərhal cərrahi müdaxilə həyata keçirilib. Boyun nahiyəsində aşkarlanan yad cismin xaric edilməsi məqsədilə icra olunan əməliyyat uğurla başa çatıb. Həkimlərin nəzarəti altında müalicəsi davam etdirilən pasiyentin vəziyyəti stabilləşib. O, fevralın 16-da ambulator müalicə üçün evə buraxılıb.
Şəhla Kamilovanın atası Fəqani Kamilov Sherg.az-a açıqlamasında qızının vəziyyətinin stabil olduğunu bildirdi:
“Dünən xəstəxanadan evə gətirmişik. Allaha şükür, hazırda vəziyyəti stabildir. Həftənin beşinci günü yenidən təkrar müayinə üçün xəstəxanaya aparacağıq. Səhhəti ilə bağlı tam və detallı müayinədən keçəcək. Əlavə fəsadların olub-olmadığı və hansı müalicəyə ehtiyac duyulduğu müayinədən sonra dəqiqləşəcək. Bu gün üçün tam sağalmayıb, amma Allaha min şükür, vəziyyəti nisbətən yaxşıdır”.
Aybəniz Səfərova