Sağlam ailə itaət üzərində yox, qarşılıqlı hörmət üzərində qurulur - Sevinc Fədai

"İnsanlar artıq yalnız “evli qalmaq” üçün yox, “sağlam qalmaq” üçün qərar verirlər"

Boşanmaların artması ciddi müzakirələrə səbəb olub. Millət vəkili Fazil Mustafa boşanmaların artmasını qadınların aliment almaq məqsədilə verdiyi qərarlarla əlaqələndirib. Onun bu fikri cəmiyyətdə birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə və ictimaiyyət arasında əksəriyyət deputatın bu yanaşmasını tənqid edərək, boşanmaların səbəblərinin daha mürəkkəb və çoxşaxəli olduğunu vurğulayıb. Mütəxəssislər, qadınların iqtisadi, sosial və psixoloji səbəblərlə boşandığını, həmçinin ailədaxili münasibətlər, gender rolları və hüquqi təminatlar kimi faktorların da bu prosesdə böyük rol oynadığını qeyd ediblər.

Şair Aqşin Yenisey isə sosial media paylaşımında deputatın mövqeyini dəstəkləyib. O, bu prosesin əsas səbəbini sekulyarizmin yayılması və şəxsi seçim azadlığının genişlənməsinə bağlayıb. Şair hesab edir ki insanların həyat yoldaşını seçməkdə sərbəstliyi artdıqca, ənənəvi ailə institutları və sabit ailə modelləri dəyişir, bu da boşanmaların sayının yüksəlməsinə təsir göstərir. A. Yenisey bu yanaşmanı təsdiqləmək üçün sosioloq Eva İllouzun “Sevgi nədən əzab verir” kitabına istinad edib: 

-Millət vəkili Fazil Mustafa boşanmaların sayının artması ilə bağlı bir-iki kəlmə söz deyib, şəxsi travmalarına “günah keçisi” axtaran məlum sürü tökülüb üstünə. Dərdə bax ki, Şərq mentaliteti qadınlara bəzi qadağalar gətirdiyi kimi, kişilərə də bəzi qadağalar qoyur. Məsələn, deyir ki, qadın nə qədər nanəciblik etsə də kişi danışmamalıdır, ayıbdır, qadını müzakirə etmək kişiyə yaraşmaz. Boşanmaların sayının artması konkret sekulyarizmin sosiologiyasıyla bağlı məsələdir və bizim özünə sosioloq deyən əfəndimizin buyurduğu kimi boşananları cərimələməklə, qulaqlarına qurğuşun əridib tökməklə filanla düzələsi iş deyil. Bu işin uzmanı olan Eva İllouz xanımın “Sevgi nədən əzab verir” kitabı var. İki ildir bu kitabın adını bar-bar bağırıram. Eva xanım araşdırıb yazır ki, sekulyarizm insanlara seçim azadlığı deyə bir haqq tanıdı. Bütün sahələrdə olduğu kimi cinslərarası münasibətlərdə də bu haqq mərkəzi dəyər rolunu oynamağa başladı. “Görəsən, düz adamımı seçdim?”, “Bundan yaxşısını tapa bilmərəmmi?”, “Bəlkə, daha yaxşısı var?” kimi seçim imkanı yaradan suallar sevgi, ailə münasibətlərinə də daxil oldu. Bununla da klassik sevgi əzabları, ənənəvi ailə sədaqəti filan kimi dəyərlər vızqırtdı. Bizim kimi sekulyarizm yoluna yeni-yeni qədəm qoyan cəmiyyətlərdə insanların seçim azadlığından ən rahat yararlana bildikləri yer haradır? Şəxsi həyatları. Daha doğrusu, bir-birilərinin həyatları. Onlar da bundan gen-bol yararlanırlar. Nəzərə alanda ki, biz həm də seçim azadlığı kimi sekulyar dəyərlərin görməmişiyik, hələ yaxşı qalmışıq, bu ölsün! Problemin bizə məxsus olan tərəfi budur ki, Peykanlıda əksər qızların, qadınların ailə qurana qədər seçim azadlığından istifadə etmələri təhlükəlidir. Ona görə də məcbur ərə gedib boşanırlar ki, özlərinin bu seçim haqqlarından rahat yararlana bilsinlər. Bitdi məsələ!

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai isə “Sherg.az”a açıqlamasında bildirib ki, Fazil Mustafanın səsləndirdiyi fikirlər və şair-yazıçı Aqşin Yeniseyin ona dəstəyi ətrafında yaranan müzakirə cəmiyyətimizin ailə, qadın və azadlıq anlayışlarına necə baxdığını bir daha üzə çıxardı:

“Biz isə gərək mövzuya emosional yox, analitik yanaşaq. Düşünürəm ki, Aqşin Yeniseyin istinad etdiyi Eva İllouzun “Sevgi nədən əzab verir” əsərində yanaşması “sekulyarizm artdı, ailə dağıldı” kimi sadə və xətti bir tezis deyil.

Seçim azadlığının genişlənməsi avtomatik olaraq ailə institutunun zəifləməsi də demək deyil. Əksinə, məcburiyyətin azalması ailəni daha şüurlu qərar üzərində qurmağa imkan yaradır. Məcburi nikahların azaldığı, qadının iqtisadi və hüquqi imkanlarının artdığı cəmiyyətlərdə boşanma statistikası yüksələ bilər, amma bu, ailənin sıradan çıxması yox, zorakılıq, uyğunlaşmazlıq və ya formal birliklərin azalması deməkdir. Azərbaycanda boşanmaların artımını yalnız “sekulyarizm” və ya “qadının seçim azadlığı” ilə izah etmək isə reallığı sadələşdirməkdir. Burada bir neçə mühüm faktor var:

Erkən və düşünülməmiş nikahlar;

Emosional savadsızlıq və münasibət qurmaq bacarığının zəifliyi;

Məişət zorakılığı və psixoloji təzyiq;

Kişilərin ailə məsuliyyətindən yayınması;

Sosial şəbəkələrin deyil, iqtisadi gərginliyin yaratdığı konfliktlər.

Uzun müddətdir ki, boşanmanın səbəbi kimi qadının “azadlıq istəyi”, “rahat yaşamaq arzusu”, “aliment alıb sərbəst yaşamaq planı” göstərilir. Halbuki aliment Azərbaycanda zənginlik mənbəyi deyil. Əksər hallarda minimal məbləğdir və qadının övladla birlikdə komfortlu həyat sürməsinə kifayət etmir. Üstəlik, bizim cəmiyyətimizdə qadın üçün boşanma sosial baxımdan hələ də ağır yükdür: damğalanma, iqtisadi çətinlik, tək valideyn məsuliyyəti, psixoloji təzyiq. Bu reallıqda “rahatlıq üçün boşanma” tezisi sosioloji fakt kimi zəif görünür”.

Sevinc Fədai hesab edir ki, seçim azadlığının təhlükəli olduğu fikri isə daha dərinə gedən bir qorxunun ifadəsidir. Onun sözlərinə görə, sağlam ailə itaət üzərində yox, qarşılıqlı hörmət və şüurlu seçim üzərində qurulur: “Boşanmaların artması ailə institutunun dağılması yox, ailəyə baxışın dəyişməsidir. İnsanlar artıq yalnız “evli qalmaq” üçün yox, “sağlam qalmaq” üçün qərar verirlər. Azərbaycan cəmiyyətində əsas sual bu olmalıdır: Biz ailəni formal struktur kimi qorumaq istəyirik, yoxsa içində təhlükəsiz və dəyərli hiss edilən bir məkan və mühit kimi? Qısası, mənim mövqeyim budur: seçim azadlığı ailənin düşməni deyil. Lakin yetkinlik və məsuliyyətlə müşayiət olunmadıqda problemə çevrilə bilər. Amma ailəni dağıdan azadlıq yox, məsuliyyətsizlikdir deyərdim. Ailə institutunu qorumağın yolu isə qadını günahlandırmaqdan yox, emosional savadlılıqdan, bərabər məsuliyyətdən və sağlam münasibət mədəniyyətindən keçir”.