Şəhid ailələrinə və qazilərə diqqət bir nömrəli vəzifədir

Ölkənin iqtisadi gücü artdıqca, bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır

2020-ci ildə Azərbaycan tarixinin ən şərəfli günlərini yaşadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik işğala 44 gün ərzində son qoydu. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 27 sentyabr “Anım”, 8 noyabr isə “Zəfər” günü kimi qeyd olunur. Amma təbii ki, heç bir müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsi zamanı 2908 nəfər şəhid olub, 6 nəfər isə itkin düşüb. 

Post-müharibə dövründə istər şəhid ailələri, istərsə də qazilər üçün müxtəlif dəstək layihələri həyata keçirilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilib. Müharibədən qısa müddət sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 8 dekabr 2020-ci ildə “YAŞAT” Fondu yaradılıb. Ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 650 yaralı olmaqla, ümumilikdə 17 min 015 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb. Fond yeni doğulan şəhid əmanətlərini də unutmayıb. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına da 5000 AZN məbləğində depozit hesabı açılıb. 

Ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş təyin olunub. 3 min 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 min 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub. Sosial ödənişlər vətəndaşların müraciəti olmadan, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60 faiz artırılıb. 

1 yanvar 2021-ci ildən Vətən müharibəsi qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub. Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Dəstək tədbirləri çərçivəsində müharibə əlillərinin atomobillə təminatı işləri də davam etdirilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub. Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 min 766 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram çərçivəsində Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib.

  Millət vəkili Cavid Osmanov “Şərq”ə deyib ki, Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Deputat bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunmaları, eyni zamanda onlara reabilitasiya xidmətləri, müasir protezlərlə təminat, məşğulluq problemlərinin həlli və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır: 

“Birinci Qarabağ müharibəsi şəhidlərinin alilələrinin, veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, müavinətlərinin artırılması və digər məsələlər dövlət üçün prioritet olub". 

  C.Osmanov bildirib ki, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyevin sərəncamı ilə şəhid ailələrinin, yaralıların, iştirakçıların problemlərinin əhatəli şəkildə həlli üçün Yaşat Fondu yaradıldı. Yaşat Fondu bütün bu insanların problemləri, qayğıları ilə maraqlanır və problemlərinin həlli istiqamətində işlər görürlər. Eyni zamanda cənab Prezidentin sərəncamları ilə bu şanlı qələbə münasibətilə müxtəlif orden və medallar təsis olunub. Çoxlu sayda əsgər və zabitlərimiz orden və medallarla təltif edilib. Bu məsələdə heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq. Dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühüm addımlar atılır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. 

Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar”. 

  C.Osmanov qeyd edib ki, ölkənin iqtisadi gücü artdıqca, bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır: 

“Bununla bağlı dövlət başçısı tərəfindən son iki il ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən isə şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi artırılıb”.