" İcra hakimiyyətinin məsul şəxsləri qazi vəfat edəndən sonra yas çadırı qurub, mərasimin xərcini çəkməkdənsə, gərək sağlığında qaziyə dəstək olardı"
Ağstafa rayon icra hakimiyyəti Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Kənan Aşurovun yas mərasimini təşkil edib. Sosial şəbəkədə yayılan məlumatlara görə, Ağstafa RİH başçısının göstərişinə əsasən mərhum qazinin yaşadığı ünvanda – Yenigün kəndində yas mərasimi çadırı qurulub, bütün xərclər qarşılanıb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Amma sual yaranır; rayon icra hakimiyyəti qazi çətin durumda ikən niyə yardım göstərməyib? Verilən məlumatlara görə, Kənan Aşurov müaicə dərmanlarını ala bilməməsi, vəziyyətinin ağır olmasıyla bağlı video-müraciətlər ünvanlayıb. Lakin səsi eşidilməyib, ona heç bir kömək göstərilməyib və K.Aşurov intihar edib.
Sosioloq Mətanət Əliyeva “Sherg.az”a açıqlamasında qeyd etdi ki, şəhid və qazilər xalqın baş tacıdır, onların Vətən uğrunda göstərdiyi igidlik, xidmət ən yüksək səviyyədə dəyərləndirilməlidir: 
- Cənab Prezident Vətən uğrunda döyüşən, canını fəda edən əsgər və zabitlərimizə ən yüksək dəyər verir, onlar Vətənin ali mükafatları, ordün və medallarla təltif edilir, dövlət başçısı şəhid və qazilərin Vətənə xidmətinin əvəzsiz olduğunu deyir, amma bəzi məmurlar üzərlərinə düşən vəzifəni yerinə yetirmir. Qazi niyə intihar etməli idi? Bu xəbər məni çox sarsıtdı. Bu insanlar Vətənimiz uğrunda döyüşüb sağlamlıqlarını itiriblər. Onların qayğıya, dəstəyə ehtiyacı var. Müalicə almalıdırlar. İcra hakimyyəti heçmi xəbər tutmayıb qazinin vəziyyəti necədir, necə yaşayır. Bir kənddə və ya rayonda neçə qazi, şəhid ailəsi ola bilər ki? Olsun, 100-150. Yəni bu insanlara diqqət göstərmək, problemləri ilə maraqlanmaq bu qədər çətindir? İcra hakimiyyətinin məsul şəxsləri qazi vəfat edəndən sonra yas çadırı qurub, mərasimin xərcini çəkməkdənsə, gərək sağlığında qaziyə dəstək olardı. İndi yas mərasimi təşkil etməyin qaziyə daha heç bir faydası yoxdur. Burada deyiblər, üzürü günahından betər.