Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı - YENİLƏNİB + VİDEO

Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin valideynlərdən attestat və digər işlərlə bağlı pul istəməsi faktı aşkarlanıb. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəllim dərhal işindən azad edilib:

“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.

11:50

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.

İdarədən APA-ya verilən xəbərə görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.