Uşaqların toyuna son qoyulur: Ekspert cəmiyyətdəki mühüm dəyişiklikdən danışdı

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub.

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Biriyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında bildirdi ki, Azərbaycanda rəsmi nikah yaşı 18 yaş müəyyən olunub: 

- Bundan əvvəl qanunvericilikdə belə maddə vardı ki, üzürlü səbəblərdən nikah yaşı 1 il azaldıla bilər. Yəni, buna qanunla icazə verilirdi. Lakin “Ailə Məcəlləsi”nə edilən dəyişikliyin təsdiqlənməsiylə əvvəllər mövcud olan bu qayda tamamilə ləğv edilib və ölkədə istisnasız olaraq minimum nikah həddi 18 yaş müəyyən edilib. Həm qadınlar, həm də kişilər üçün. Nikah yaşına çatmayan şəxsin toyunun qarşısının alınması da bu baxmdan tamumilə qanunidir. Məni sevindirən budur ki, cəmiyyətimiz bu cür hallara artıq biganə qalmır. Az və ya çox, hansı dərəcədə, fərq etmir. Əsas odur ki, biz erkən nikahların qarşıının alınmasıyla bağlı xəbərlər alırıq. Nikah yaşına çatmamış qızların nişanı, toyu olacağı barədə məlumatlar verilir və bu cür halların qarşısı alınır. Ola bilər qohumdur bu barədə məlumat verən, ya qonşu, dost-tanış. Deməli, cəmiyyətdə erkən nikaha qarşı mövqe sərgiləyənlər artır. Vətəndaşlar aktivləşib. Vətəndaş cəmiyyəti öz münasibətini bildirir, məlumat verir. İctimai təşkilatlar reaksiya verir, müdaxilə edir, “Qaynar Xətt”lərə zəng edirlər və məsələnin dövlət qurumlarının diqqətinə çatdırılmasna nail olurlar. Aidiyyəti qurumların hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti nəticəsində qarşıalınma tədbirləri effkriv nəticə verir.