Xuraman Abbasova faciəyə baxmayaraq toyu saxlamadı - Ağdamlılar heyran qaldı!

Toy günü bəyin nənəsi vəfat edib. Ailə gizli saxlayıb, toy davam edib. Görünməmiş, fövqəladə hal deyil. Belə hadisələr az da olsa, baş verir. Niyə cəmiyyət bunu müzakirə etməlidir?! Sosial şəbəkələrdə hər kəs öz düşüncəsi, hadisələrə yanama tərzi, dünyagörüşü, inancına görə mühakimə yürüdür. “olmaz, mən etmərəm”, deyənlər, “toyu dayandırmaq düzgün deyil, toyun öz yeri, yasın öz yeri var” deyənlərə qarışıb.  

Müzakirə edilən hadisə Bakıda keçirilən toy mərasimi başlamamış olub. İlkin məlumata əsasən, toy başlamazdan 30-40 dəqiqə əvvəl şadlıq evinə gələn ailə üzvləri arasında bəyin nənəsi də olub (1951-ci il təvəllüdlü Zeynəb Tağı qızı Dadayeva). Qadın sanitar qovşaqda olarkən halı pisləşib və vəfat edib. Yaxınlarının sözlərinə görə, hadisə ilə bağlı qonaqlara məlumat verilməyib və məclis davam edib. Hətta bəy də nənəsinin vəfatından toyun sonuna yaxın xəbər tutub. Bildirilib ki, o, şəkər, təyziq xəstəliklərindən əziyyət çəkib və daha əvvəl infarkt keçirib. Nənənin ən böyük arzusu nəvəsinin toyunu görmək olub. Hadisədən sonra əraziyə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub. Vəfat edən şəxsin nəşi elə hadisə yerindən birbaşa morqa aparılıb. 

İnsanlar dünyaya eyni halda, eyni surətdə gəlir, amma müxtəlif talelər, fərqli həyat yaşayır, dünyadan da fərqli şəkildə köç edirlər. İnsanların dünyaya baxışları da fərqlidir. Həqiqət olan budur ki, xeyirlə şər qoşadır, əkizdir. Bir gün sevinc, bur gün kədər. Bir gün toy, ertəsi yas... Dünyanı Yaradan qoyub bu düzəni. Toy günü əzizi, doğması həyatdan köç edənlər olub. Ən ağır faciələr zamanı kədəri içində gizlədənlər toyu saxlamayıb ki gənclərin xoşbəxt gününə, ailə qurduqları günə kölgə düşməsin. Toy vaya çevrilməsin. 

Belə hadisələrdən biri 1970-ci illərdə Ağdamda baş verib. O zaman Sosialist Əməyi Qəhrəmanı kimi məşhur olan, “Lenin” adına kolxozun sədri Xuraman Abbasovanın evinə (Xuraman Abbasova 1988-ci ilin fevralında Xankəndinə yürüş edən ağdamlıların qarşısını yerə örpək atmaqla kəsməsi ilə də yadda qalıb. Hadisənin təfərrüatları fərqlidir - M.R.) qızının toy günü oğlunun cənazəsi gəlib. Amma Xuraman Abbasova kimsəyə bildirməyib, gizli saxlayıb, toy bitəndən sonra ailə üzvləri, qonaqlar faciədən xəbər tutub.  

Bu barədə “Sherg.az”a Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, əslən ağdamlı Asəf Quliyev bildirdi: 

-Bu hadisə ağdamlıların yaxşı yadında qalıb. Mən o vaxt uşaq idim, amma evimizdə, rayonda hamı bundan danışırdı. Deyirdilər, əhsən Xuramana, böyük ürək, iradə sahibidir. Sovet illərində Xuraman Abbasova haqqında çəkilmiş sənədli filmdə orta məktəb müəllimi Mürşüd Mikayılov bu haqda danışır. Buna həm də iradə lazımdır. O zaman Xuraman Abbasova bu faciəni gizli saxlayıb, qonaqlara bildirməyib. Özü də toyda sona qədər iştirak edib. Ağdam camaatı bunu Azərbaycan qadınının iradəsinin pik həddi kimi qiymətləndirirdi. Şəxsi mövqeyim də budur ki, əlbəttə, toyu saxlamaq olmaz. Amma bir məsələ var, faciə baş veribsə bunu gizli saxlamağı bacarmaq da lazımdır. Xuraman xanım kimi. Hər insan bunu bacarmaz. Toy o zaman baş tutmaya bilər, Allah eləməsin, bəy, ya gəlinin başına nəsə bədbəxt bir hadisə gəlsin. Ya da Allah göstərməsin, ümumi, cəmiyyəti silkələyəcək bir hadisə, baş vermiş olsun. Amma ailə üzvlərindən kimsə rəhmətə gedirsə, hansısa bədbəxt, gözlənilməz, xoşagəlməz hadisə baş verirsə, buna görə toyu saxlamaq doğru deyil, zənnimcə.