Zəfər bayramı Gürcüstanın Qardabani rayonunda qeyd edilib

Azərbaycanın Zəfər bayramı Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda da qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qardabani Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Sonra mərkəzin icraçı direktoru Hacı Bəkiroğlu, Azərbaycan səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov, Diaspor Komitəsinin məsul əməkdaşları Ceyhun Abbasov, Nəriman Əliyev və başqaları çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinin əhəmiyyətindən danışıb, müharibədən sonra regionda yeni dövrün başladığını bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indi sürətli quruculuq-abadlıq işləri aparılır. Yaxın vaxtlarda Qarabağ inkişaf etmiş bölgəyə çevriləcək. Bu da bütövlükdə regionun inkişafında mühüm rol oynayacaq.
Tədbir çərçivəsində “Zəfərə doğru addımla” adlı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.