Parlamentari: Silahlanma müharibə riskini daha da artırır

Ermənistan tərəfindən ölkəmizə qarşı hər hansı təxribat cəhdi olarsa, cavabımız çox ağır olacaq


Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərclərinin 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü il iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, iki ölkə arasında silahların alınması ilə bağlı müqavilələrin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik. Ermənistan 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Hələ İrandan gizli silahlanma ilə bağlı məlumatlar da var. Bunların hamısı göstərir ki, Ermənistan, sanki sülhə yox, yeni müharibəyə hazırlaşır, intensiv şəkildə fortifikasiya qurğuları, hərbi təchizatı genişləndirir, xarici ölkələrlə birgə təlimlər təşkil edir. 

Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Ermənistan sülh mövzusunu ölkəsinin silahlandırılması üçün istifadə edir. Deputat diqqətə çatdırıb ki, Paşinyan hakimiyyəti sülh danışıqlarının tərəfdarı kimi özünü göstərməklə ölkəsinə aldığı silahların coğrafgiyasını genişləndirir və öldürücü silahlara üstünlük verir: 
"Fransadan SEZAR özüyeriyən haubitsalar və "Bostion" hərbi avtomobilləri, Hindistandan BRAHMOS, Akaş və ASTRA raketləri alır. Yunanıstan və İspaniyadan silahların alınması ilə bağlı müqavilələr bağlayır. Poti və Batumi limanları vasitəsilə yüzlərlə hərbi texnikanı ölkəsinə gətirir. O cümlədən Azərbaycanla sərhəddə səngərlər qazır, yeni döyüş silahları sərhədimizə yaxın yerləşdirir və hərbi mövqelərini möhkəmləndir. Ermənistanın sürətlə silahlanması onun heç də sülh niyyətində olmadığını sübut edir. Əlbəttə, bu, bizi narahat etməyə bilməz. Ona görə də özümüzün hərbi üstünlüyümüzü qoruyub saxlayırıq və baş verə biləcək hər bir hadisəyə hər zaman hazır vəziyyətdə dayanırıq. Ermənistanın silahlanması və bölgəyə kənar güclərin gətirilməsi Cənubi Qafqazda gərginliyi və müharibə riskini daha da artırır. Əgər Ermənistanın yenidən müharibə niyyəti yoxdursa, ölkəsini niyə belə sürətlə silahlandırır?".

Parlamentari qeyd edib ki, Azərbaycan 4 il əvvəl Ermənistan ərazilərində gözü olmadığını bəyan edib:
 "Buradan bir nəticə çıxartmaq olar ki, Ermənistan hakimiyyəti heç də özlərinin çirkin niyyətlərindən əl çəkməyib və yenidən müharibə üçün fürsət axtarır. Amma onlar başa düşmürlər ki, Azərbaycan heç də 90-cı illərin ölkəsi deyil. Bu gün Ermənistan tərəfindən ölkəmizə hər hansı təxribat cəhdi olarsa, cavabımız çox ağır olacaq. Bunu Ermənistan hakimiyyəti dərk etməli və ölkəsini hərbiləşdirmək əvəzinə sülh danışıqlarına üstünlük verməlidir. O zaman regionun əməkdaşlıq və sülh bölgəsinə çevrilməsinə töhfə vermiş olacaq".