Ermənistan gələcəkdə yeni müharibəyə əlyeri qoyur -PROQNOZ

Azərbaycan isə sülh sənədini imzalamağa tələsmir və mövqeyində çox haqlıdır

İrəvanın belə bir məcrada sülh sazişini operativ imzalamaq həvəsində olması Azərbaycanın şübhə və ehtiyatlılığını gücləndirir

“Müharibə olmayacaq, sülh olacaq. Müharibənin baş verməsi üçün heç bir əsas yoxdur”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin aprelin 15-də keçirilən iclasında çıxışı zamanı bildirib. Paşinyan İrəvanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyib: “Ermənistanda və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə xələl gətirən bəyanatlar verməməyə çağırıram. Biz əmin olmaq istəyirik ki, rəsmi Bakı Minsk qrupunun buraxılmasını münaqişənin Azərbaycan ərazisində son qoyulmasına və onun suveren Ermənistan ərazisinə keçirilməsinə yönəlmiş addım kimi qiymətləndirmir. Narahatlıqlarımızı tamamilə aradan qaldırmaq üçün hər iki sənədi imzalamağı təklif edirik”. Qeyd edək ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da eyni bəyanatla çıxış edib. O, müqavilə imzalandıqdan sonra 10 dəqiqə ərzində Minsk qrupunun ləğvi üçün də lazımi sənədlərə qol çəkməyə hazır olduqlarını açıqlayıb.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, mövcud sülh proqramı Azərbaycanla Ermənistan arasında mühüm irəliləyiş olsa da, Azərbaycan hələ də ehtiyatlı davranır və sənədin imzalanmasına tələsmir. Ekspert bunun səbəblərini belə əsaslandırıb:
 "Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Ermənistan mövcud şərtlərlə sülh sazişini imzalamağa çalışmaqla, gələcəkdə Bakının İrəvana qarşı Konstitusiya dəyişikliyi ilə bağlı tələb səsləndirməməsi üçün hüquqi öhdəlik yaratmaq istəyir. ATƏT-in Minsk qrupunun fəaliyyətinin ləğvi ilə bağlı Ermənistanda tam aydın mövqe yoxdur. İrəvan ATƏT-in Minsk qrupunun ləğvini istəsə belə, alternativ olaraq Avropa İttifaqının Ermənistandakı Missiyasının Azərbaycanla münasibətlərdə “tənzimləyici” xüsusiyyətlərinə dəstək verir. Azərbaycan bu mövzuya xüsusi həssaslıqla yanaşır. Çünki Ermənistanın sərhədlərinə kəşfiyyat şəbəkəsi yerləşdirməsi Bakının maraqlarına uyğun gəlmir. Ermənistan hazırkı razılaşdırılmış sülh sazişi layihəsi mətnini Qərbi azərbaycanlıların qayıdışına maneə kimi interpretasiya edə bilər. Görünür, sülh mətnində konseptual olaraq qayıdış məsələləri əksini tapsa da, Ermənistan ümumi yanaşmalara detallar əlavə etməməyə cəhd göstərir".

Analitik qeyd edib ki, Ermənistan Azərbaycanın əsas hissələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək quru yolunun dəhliz statusu  ilə açılmasına qarşıdır:
 "İrəvan tələsik sülhə nail olmaqla Azərbaycanın gələcəkdəki şərtləri önünə hasar çəkməyi planlaşdıra bilər. Ermənistanın silah idxalı kanallarında Azərbaycana qarşı mövqe tutmuş dövlətlərlə münasibətləri Bakıda haqlı suallar yaradır. Bu suallar Azərbaycanın Ermənistanın boynuna hərbisizləşdirməklə bağlı tələblər və şərtlər qoymasına əsaslar yaradır. Hesablamaq olur ki, Ermənistanın belə bir məcrada sülh sazişini operativ imzalamaq həvəsində olması Azərbaycanın şübhə və ehtiyatlılığını gücləndirir. Çünki Ermənistanın yanaşmaları İrəvanda gələcək üçün revanş mexanizminə barmaq yeri qoymağa hesablanmış səylərin tərkib hissəsidir. Ona görə də Azərbaycan büdcə ayırmalarında, strateji planlaşdırmalarında müdafiə və təhlükəsizlik bəndinə xüsusi önəm verməkdə haqlıdır".