Politoloq: Sülh sazişinin imzalanması regionun gələcəyi üçün dönüş nöqtəsi ola bilər

Azərbaycanla bağlı bizim əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasıdır.
Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışında bildirib. O,  ölkəsinin bu istiqamətdə çalışdığını əlavə edib.

Politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ Cənubi Qafqazda davamlı sabitliyə nail olunmasında fəal rol oynamaq istəyir:
 “ABŞ Dövlət katibi Marko Rubionun Senatın Xarici Əlaqələr Komitəsində verdiyi açıqlama göstərir ki, rəsmi Vaşinqton Cənubi Qafqazda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində davamlı sülhün əldə olunmasında maraqlıdır. Bu bəyanat onu deməyə əsas verir ki, ABŞ sülh prosesinə texniki vasitəçi və diplomatik təşəbbüskar kimi dəstək vermək niyyətindədir.
ABŞ-nin bu məsələyə yanaşması regionda geosiyasi balansı qorumağa, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin təhlükəsiz fəaliyyətinə xidmət edir. Azərbaycan regionda əsas enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi Avropa üçün vacib tərəfdaşdır və ABŞ bu sabitliyin təmin olunmasında maraqlıdır”.

Politoloqun sözlərinə görə, Ermənistanla sülh sazişinin imzalanması yalnız iki ölkə arasında deyil, bütövlükdə regionun gələcəyi üçün dönüş nöqtəsi ola bilər: 
“ABŞ-nin prosesə cəlb olunması və bu istiqamətdə mesajlar verməsi, tərəflər arasında etimad mühitinin yaradılmasına, vasitəçilik mexanizmlərinin güclənməsinə səbəb ola bilər. Eyni zamanda, bu mövqe beynəlxalq hüquqa əsaslanan yanaşmanın üstünlük təşkil etdiyini, Azərbaycanın ərazi bütövlüyünün tanındığını və postmünaqişə dövründə diplomatik resursların səfərbər edildiyini göstərir.
Nəticə etibarilə, ABŞ-nin bu məsələdə aktiv rol oynaması regionda sülh gündəliyinin reallığa çevrilməsinə mühüm dəstəkdir, lakin bu, birtərəfli yox, balanslı yanaşma və Azərbaycanın haqlı mövqeyinin nəzərə alınması ilə mümkün ola bilər”.