
Şərhçi: Paşinyan bilir ki, Ermənistandakı xaosu Moskva yaradır
Rusiya Cənubi Qafqazda sülhün düşmənidir
Baş nazirin Türkiyə və Azərbaycana yaxınlaşması da rəğbətdən yox, məcburiyyətdən irəli gəlir
Azərbaycanın postmüharibə dövründə Ermənistanı sülhə məcbur etmək istiqamətində atdığı davamlı addımlar nəticəsində Ermənistanın Baş naziri Nikol Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə və öz xalqını irqçilik, millətçilik azarından xilas edərək sülhə hazırlamağa başlayıb. Paşinyanın Ermənistan və Azərbaycan ictimai fikrində oturuşmuş qarşılıqlı etimadsızlıq və stereotiplərlə bağlı səsləndirdiyi fikirlər onun ilk növbədə öz xalqını yenidən tərbiyələndirmək, "tarixi Ermənistan" miflərini "real Ermənistan" düşüncəsi ilə əvəz etmək niyyətindən irəli gəlir. Məhz bu baxımdan Ermənistan baş nazirinin erməni ictimai şüurunda türklərlə, azərbaycanlılarla bağlı formalaşmış ənənəvi düşmənçilik stereotiplərinin Rusiya tərəfindən, daha konkret desək, keçmiş "KQB" (Dövlət Təhlükəsizliyi Komitəsi) tərəfindən yaradıldığını bildirməsi olduqca əhəmiyyətlidir. Cəmiyyətdəki qarşılıqlı etimadsızlıq və düşmənçilik münasibətlərinin sovet dövründən qalma təsəvvürlərə əsaslandığını vurğulayan Paşinyan tamamilə haqlı olaraq qeyd edib ki, regionda sülh və sabitliyin bərpası üçün köhnə stereotiplərdən, "KQB" agentləri tərəfindən formalaşdırılmış dünyagörüşündən azad olmaq vacibdir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanın baş nazirinin sözügedən açıqlamasına reaksiyası adekvat deyil. Zaxarova ənənəvi ampluasına sadiq qalaraq köhnə "KQB"-nin müdafiəçisi rolunda çıxış edib və hazırda erməni cəmiyyətində kök salmış stereotiplərin "KQB" ilə, sovet ideoloji siyasəti ilə bağlı olmadığını isbat etməyə çalışıb. Əlbəttə, Kremldən tarixi həqiqətlərin etiraf edilməsini gözləməməliyik. Önəmli olan budur ki, Ermənistana rəhbərlik edən Nikol Paşinyan nəhayət özünü normal, adekvat düşünən və sülhün əhəmiyyətini başa düşən şəxs kimi aparmağa başlayıb.
Siyasi şərhçi Əli Oruclu Sherg.az-a açıqlamasında bildirib ki, çar Rusiyasının, SSRİ-nin və onların varisləri olan Rusiyanın müxtəlif xalqları üz-üz qoymaqla, milli ədavəti qızışdırmaqla bağlı sınaqdan çıxarılmış təcrübələri var. Ekspertin sözlərinə görə, "parçala, hökm sür" siyasəti ilə düşmənçilik toxumu səpərək özünü "arbitr və himayəçi" qiyafəsində görən Rusiya öz ərazisini "xalqlar həbsxanasına" çevirməklə uzun illər ayaqda saxlayıb:

"İndi Moskva həmin siyasəti davam etdirir, beynəlxalq sülhün və təhlükəsizliyin əldə olunmasına imkan vermir. Eyni coğrafiyada yaşayan ermənilərlə azərbaycanlılar arasında əsrlər boyu nifaq yaradanlardan birinin Rusiya olması danılmaz həqiqətdir. İstər ötən əsrin əvvəllərində baş vermiş qarşıdurmanı, istərsə də Ermənistan-Azərbaycan arasında 30 ildən çox davam edən münaqişəni Kreml körükləyib və işğalçılara açıq dəstəyini göstərib. 2020-ci il 44 günlük müharibədən sonra Azərbaycanın qazandığı parlaq Zəfər və onun yaratdığı geopolitik yeni reallıqlar Moskvanı heç vaxt rahat buraxmır. Çünki Rusiya Cənubi Qafqaza sülhün, əmin-amanlığın, inkişafın, qarşılılı əlaqə və inteqrasiyanın gələcəyi təqdirdə əvvvəlki siyasətinin işləməyəcəyini yaxşı anlayır. Ermənistanda revanşistləri və əlaltılarını, Azərbaycanda isə özünün "5-ci kolon"unu dövriyyəyə soxmaqla prosesi ləngitməyə, yaxud qarşısını almağa cəhd edir".
Ə.Orucluya görə, Paşinyan Ermənistanda seçkiöncəsi vəziyyəti gərginləşdirən gücün Moskva olduğunu bilir:
"Baş nazir prosesin hara istiqamətlənəcəyini və doğuracağı ağır nəticələri də təxmin edir. Odur ki, xalqını və dövlətini xilas etməyə çalışır. Erməni baş nazirin gedişata praqmatik yanaşması, bəzi həqiqətləri öz cəmiyyətinə çatdırması müsbət hal kimi qiymətləndirilə bilər. Xüsusən, Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edən sərhəd-keçid məntəqələrindəki möhürlərdə Ağrı dağının təsvirinin aradan qaldırılması, qondarma "soyqırımdan" imtina edilməsi, "Böyük Ermənistan" xülyasını ifşa etməsi, doğmalaşmış düşüncələrə tam fərqli yanaşması onu əvvəlki rəhbərlərdən əks-qütbdə saxlayır. Paşinyanın ermənilərlə türklər, azərbaycanlılar arasında qarşıdurmanı, nifrəti, düşmənçiliyi Rusiyanın yaratdığını deməsi acı gercəkliyin gec də olsa yüksək səviyyədə etirafıdır. Burada təkcə Rusiya və "KQB" deyil, Qərbin də rolu var. Ermənilərin özləri də bu oyunların və məkrli planların içərisində könüllü şəkildə yer alıblar. Alətə çevrilməyə istək və həvəs göstəriblər. Bu xəyanətlərinin və düşmənçiliyin mükafatını da alıblar. Azərbaycan əraziləri hesabına özlərinə "dövlət" qurublar. Zaman-zaman Kremlin sayəsində qurduqları 9 min kv. km. Ermənistanı 29 min kv.km-ə çatdırıblar".
Analitik qeyd edib ki, Rusiya Ukraynaya hərbi təcavüzü səbəbindən beynəlxalq sanksiyalara və qınağa məruz qalıb: "Rusiya tənəzzül dövrünü yaşayır. Bunun əksinə olaraq Türkiyə və Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzu və rolu artmaqdadır. Beynəlxalq nizamın tənzimlənməsində və təhlükəsizliyin qorunmasında vacib aktora çevrilməkdəyik. Paşinyan da ölkəsini Rusiya ilə batmaqdan qorumağa çalışır. Onun Türkiyə və Azərbaycana yaxınlaşması da rəğbətdən yox, məcburiyyətdən irəli gəlir. Ancaq bunu da proqrassiv hal kimi dəyərləndirmək olar. Hər halda erməni baş nazir konstruktiv mövqe sərgiləməklə bölgədə sülhə və təhlükəsizliyə maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Moskva isə öz kursundan heç vaxt imtina etməyəcək".
İsmayıl Qocayev