Cənubi Qafqazda geosiyasi rəqabət yeni mərhələyə keçir. Ermənistanın “Respublika” partiyasının siyasi şurasının üzvü Anahit Adamyan Moskvanı Azərbaycan və Ermənistan arasında sülh prosesinə əngəl olmaqda ittiham edib. O, xüsusilə Ermənistanın dəmir yolu şəbəkəsinin Rusiyanın nəzarətindən çıxarılmasını və milliləşdirilməsini vacib sayaraq, bunun regional kommunikasiyaların açılması baxımından həlledici məsələ olduğunu vurğulayıb.
Adamyanın bu açıqlamaları fonunda Rusiya amilinin sülh danışıqlarına və bölgədə nəqliyyat layihələrinin gələcəyinə təsiri yenidən müzakirə mövzusuna çevrilib.
Politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında artıq yeni reallığın formalaşdığını söyləyib:
“30 illik Ermənistan-Azərbaycan münaqişəsi faktiki olaraq tarixə çevrilir. 8 avqust anlaşması ilə bu məsələyə bir dəfəlik xətt çəkilməsi istiqamətində ciddi addım atıldı. Əsas məqamlardan biri də odur ki, prosesdə Amerikanın vasitəçiliyi daha məqbul və nəticəyönümlü oldu. Son 30 ilin təcrübəsinə baxdıqda görürük ki, Ermənistan-Azərbaycan münasibətlərində əsas vasitəçi Moskva idi və münaqişə də məhz Rusiya faktorunun dominantlığı şəraitində davam edirdi. Həmçinin münaqişənin tam həll olunmaması Şimal qonşumuzun maraqlarına uyğun idi. Çünki proses uzandıqca Rusiya bölgədə əsas “himayəçi” və təsir mərkəzi kimi qalırdı”.
Analitik qeyd edib ki, Rusiya əvvəlki mövqedə deyil:
“Təbii ki, Moskvanın Ermənistanda müəyyən rıçaqları qalır və böyük ehtimalla bu imkanları itirmək istəmir. Rusiya çalışa bilər ki, münaqişənin həlli prosesində maneələr yaratsın və ya əvvəlki monopol mövqeyini bərpa etsin. Lakin bu cəhdlərin nəticə vermə ehtimalı xeyli zəifdir. Çünki tərəflər artıq yeni mərhələyə keçiblər və əvvəlki qarşıdurma modelinə qayıdış real görünmür. Digər məsələ Ermənistanın dəmir yolu şəbəkəsinin taleyidir. Bu, formal olaraq Ermənistanın daxili məsələsidir. Lakin məlumdur ki, dəmir yolu şəbəkəsinin təxminən 70 faizi Rusiya şirkətlərinin nəzarətindədir və bu, ciddi strateji faktordur. Şəbəkə tam şəkildə Ermənistanın nəzarətində olmadığı müddətdə ölkənin suveren maraqları baxımından risklər qalacaq. Ehtimal olunur ki, Paşinyan komandası seçkilərdən sonra, daxili siyasi problem yaranmazsa, Rusiya şirkətlərinin nəzarətində olan dəmir yolu şəbəkəsini ya tam, ya da böyük hissə üzrə geri almağa çalışacaq. Əks halda, Ermənistan bu sahədə ciddi dividendlər əldə edə bilməyəcək və ikili asılılıq vəziyyətində qalacaq. Bütün bu proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək. Lakin böyük ehtimalla region artıq əvvəlki geosiyasi modelə qayıtmayacaq”.