Prezident İlham Əliyev Albaniyanın baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və "Albgaz" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.

Söhbət zamanı Albaniyanın baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür edib.

Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirilib, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib və təqdir olunub.