COP29 kimi qlobal tədbirə ev sahibliyi ölkəmizin nüfuzunu, reytinqini daha da artırır
Azərbaycan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edir. Ölkəmiz BMT-nin bu mötəbər tədbirini ən yüksək səviyyədə təşkil edib. Bunu COP29-da iştirak edən dövlət və hökumət başçıları da vurğulayıblar. COP29-un açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı iqlim dəyişiklikləri ilə mübarizədə ölkəmizin verdiyi töhfələr, eləcə də digər aktual məsələlərlə bağlı fikirlərini ifadə edib. Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi olduqca önəmli məsələdir. Parlamentarinin sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq, nüfuzlu tədbirlərə ev sahibliyi etdiyi kimi bu gün də qlobal əhəmiyyətli tədbirə - COP29-a ev sahibliyi etməkdədir:
"Bu, çox önəmli məsələdir. Bir çox ölkənin dövlət başçıları, baş nazirləri, digər rəsmiləri Azərbaycandadır. Panellər, görüşlər keçirilir, müxtəlif fikirlər, təkliflər səsləndirilir, çağırışlar edilir. Növbəti günlərdə də bu, davam edəcək. Artıq dövlətimizin başçısı ölkəmizdə olan bir neçə qonaqla görüşlər keçirib, onlarla fikir mübadiləsi aparılıb. Tədbir öz axarı ilə uğurla davam edir. COP29 tədbiri dövlətimizin növbəti uğurudur. Azərbaycana olan etimadın, diqqətin, münasibətin göstəricisidir. Azərbaycanın COP29 kimi qlobal əhəmiyyət daşıyan tədbirə ev sahibliyi etməsi xüsusi önəm kəsb edir".
C.Məmmədov vurğulayıb ki, ölkəmiz öz nüfuzunu, reytinqini daha da artırır:
"Bunlar həm də onu göstərir ki, Azərbaycan dünyamızda gedən proseslərə, qlobal iqlim dəyişikliyinə laqeyd münasibət sərgiləmir. Azərbaycan dünyanı narahat edən hər məsələyə xüsusi diqqət və həssaslıqla yanaşır və çalışır ki, dünyanı narahat edən hər bir məsələnin həllinə öz töhfəsini versin. Ölkəmiz bu sahədə də dünyaya əsl nümunə olacaq və öz mövqeyini gücləndirəcək. Azərbaycana qarşı ciddi təzyiqlərə rəğmən, COP29 ən yüksək səviyyədə baş tutdu və uğurla davam etməkdədir".