"Sanksiyalar Türkiyədən daha çox Avropa İttifaqına ziyandır"
Avropa Birliyi Şərqi Aralıq dənizindəki qazma işləri
ilə bağlı Türkiyəyə sanksiya tətbiq etmək barədə qərar verib. Sanksiya planına əsasən, AB Ankaraya maliyyə yardımını məhdudlaşdıracaq və hava nəqliyyatı sazişi ilə bağlı danışıqları təxirə salacaq. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə sanksiyaların onlara təsir göstərməyəcəyini söyləyib. Nazir bildirib ki, hava nəqliyyatı danışıqları Kipr tərəfinin təşəbbüsü ilə dayandırılıb: “AB həmişə Mərkəzi Banka müdaxiləni tənqid edir, indi isə öz banklarına göstəriş verir. Kipr və Yunanıstanın təzyiqilə bu cür bəsit qərarlar qəbul edirlər. Əslində qərarların tətbiqinin mümkün olmadığını özləri də bilirlər”. Çavuşoğlunun sözlərinə görə, əgər Türkiyəyə qarşı addım atılarsa, fəaliyyətlərini bir qədər də artıracaqlar: “Orada 3 gəmimiz var, dördüncü gəmini ən qısa zamanda Aralıq dənizinin şərqinə göndərəcəyik. Kiprin türk xalqının haqqını zəmanət altına almadığı müddətcə, oradakı fəaliyyətlərimizi davam etdirəcəyik. Yaxşı olar ki, yunan Kipri AB-yə arxalanmasın, türk tərəfi ilə masaya otursun”.
CHP-dən gözlənilməz açıqlama: AB-nin 3 böyük səhvi
Avropa Birliyinin Türkiyənin Şərqi Aralıq dənizində qazma işləri aparmasına qarşı çıxmasına ana müxalifət partiyası CHP-dən də reaksiya gəlib. Partiya başqanının müavini Ünal Çeviköz AB-nin Türkiyə və Şimali Kipri heçə sayan münasibətini qəbul etmədiklərini söyləyib. Çeviköz AB-nin sözügedən qərarının Kipr probleminin dinc yolla həllinə yardım etməyəcəyini qeyd edib: “AB Cənubi Kiprlə Şimali Kipr arasındakı münaqişəni həll etmədən birincini üzv kimi qəbul etməklə böyük səhvə yol verib. Birliyin ikinci böyük səhvi “Annan planı”na “hə” deyən Şimali Kiprə sanksiyanı ləğv etməməsi olub. Üçüncü böyük səhv isə Şərqi Aralıq dənizində aparılan qazma işləri ilə bağlı tətbiq edilən sanksiyalardır”.
Türkiyəyə tətbiq edilən sanksiya... - Rus diplomat
Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov isə vurğulayıb ki, Avropa Birliyi beynəlxalq hüquqla digər subyektlərə qarşı sanksiya tətbiq etmək hüququna malik deyil. Bu səbəbdən Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər qeyri-qanuni sayılır: “Beynəlxalq hüquqa görə hər hansı sanksiya tətbiq etmək hüququ olan yeganə orqan BMT Təhlükəsizlik Şurasıdır. Ona görə də ölkələrin, eləcə də Avropa Birliyinin tətbiq etdiyi bitərəfli məhdudiyyətdir. Qeyri-legitim sayılır”.
“Türkiyə Avropa bazarlarının ən böyük alıcısıdır”
Sanksiyaları “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev bu addımların uzunmüddətli və qətiyyətli olmadığını deyib: “Sanksiyalar Türkiyədən daha çox Avropa İttifaqına ziyandır. Öncə onu deyim ki, Avropanın Türkiyəyə maliyyə yardımı Türkiyədəki qaçqınlar üçün istifadə olunur. İttifaq yardımı nə qədər çox azaltsa, bir o qədər çox qaçqın qəbul etmək məcburiyyətində qalacaq. Suriyalı qaçqınların Avropa qitəsinə köçü ittifaqın iqtisadiyyatını məhv etmək üçün yetərlidir. Digər tərəfdən Türkiyə Avropa bazarlarının ən böyük alıcısıdır. Xüsusilə də enerji sektorunda böyük payı var. Türkiyənin enerji asılılığından qurtulmasından və böyük bir enerji ixracatcısına çevrilməsindən nə qədər ehtiyat etsələr də, əvvəl-axır bu reallıqla barışmaq məcburiyyətində qalacaqlar”.
“Sanksiya cəhdləri Türkiyəni öz niyyətindən çəkindirməyəcək”
Politoloqun fikrincə, Türkiyə Aralıq dənizində axtardığını tapsa, qısa zaman kəsiyində Avropadan enerji idxalını dayandıracaq: “Bu isə İttifaqın illik itkisinin yüz milyonlarla dollar həcmində olacağı mənasına gəlir. Məncə, Avropa Türkiyə ilə münasibətləri stabil saxlayaraq, bu prosesi bacardığı qədər gecikdirə bilər. Ancaq indiki halda sanksiya cəhdləri Türkiyəni öz niyyətindən çəkindirməyəcək. Artıq Türkiyə Aralıq dənizinə 4-cü axtarış gəmisini göndərmək üzrədir”.