ABŞ Yaxın Şərqdə əsas müttəfiqi olan Türkiyəni itirməmək üçün nə lazımdırsa, edəcək
ABŞ Prezidenti Donald Tramp “S-400”lərin Türkiyəyə gətirilməsi ilə bağlı şərh verib. Tramp “Türkiyəyə sanksiya tətbiq ediləcəkmi” sualına “xeyr, hazırda bu məsələyə baxmırıq” deyə cavab verib.
Bundan əlavə Ağ Evdən bildiriblər ki, “ABŞ Türkiyə ilə strateji əlaqəyə hələ də böyük dəyər verir. NATO müttəfiqləri ilə əlaqələrimiz çoxşaxəlidir və bu əlaqələr yalnız “F-35”lərə bağlı deyil”. Bir sıra analitiklər hesab edirlər ki, Trampın açıqlaması yaxın günlərdə Ankaraya qarşı sanksiyanın gündəmdə olmadığından xəbər verir.
Lakin bu, Türkiyəyə qarşı ümumiyyətlə təzyiq olmayacağı anlamına gəlmir.
Donald Trampın sözlərini “Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Türkiyə Rusiyadan aldığı “S-400” havadan müdafiə sistemlərinin ilk partiyasını ölkəyə gətirməyə başladıqdan sonra ABŞ tərəfindən bir-birinin ardınca fərqli bəyanatlar səsləndirilməyə başlandı: “Bəyanatlarda gah Türkiyəyə qarşı sanksiya tətbiq ediləcəyi və ya “F-35” qırıcılarının satışının qadağan ediləcəyi bildirilsə də, Tramp administrasiyası Türkiyəyə qarşı dözümlülük nümayiş etdirir. Hesab edirəm ki, ABŞ Yaxın Şərqdə əsas müttəfiqi olan Türkiyəni itirməmək üçün nə lazımdırsa, edəcək. Türkiyə də Amerikanın etibarından sui-istifadə etməməlidir. Münasibətlər dərinləşərsə, hər iki tərəf böyük itkiyə məruz qala bilər. NATO dünyanın ən güclü quru qoşunundan məhrum ola, Türkiyə isə Rusiya və Çinin qarşısında təklənə bilər”.
Siyasi şərhçinin sözlərinə görə, NATO üzvü olan Türkiyə dəfələrlə ABŞ istehsalı olan “Patriot” raketlərini almaq istəsə də, bu istəyi reallaşmayıb: “S-400” raketləri ilə müqayisədə “Patriot” bəzi göstəricilərinə görə zəifdir. Lakin rus silahı Türkiyənin NATO standartları ilə qurulmuş havadan müdafiə sistemi ilə uyğun gəlmir.
Düzdür, Patriotun hədəfi müəyyənetmə radiusu 180 km, “S-400”lərdə isə 600 km.dir. Amma buna baxmayaraq, bu sistem Rusiya və İran istiqamətində tam yararsızdır. O zaman NATO üzvü olan bir ölkənin bu raketləri almasında məqsəd anlaşılmır. Raketləri tam nəzarətə götürərək özünə uyğunlaşdırmaq üçün Türkiyə radar sistemlərini yenidən qurmalıdır”.
V.Əfəndiyev vurğulayıb ki, proses başa çatdıqdan sonra böyük ehtimalla bu raketlər hansısa 3-cü ölkəyə satılacaq: “ABŞ “F-35” qırıcılarının Türkiyəyə satışını müəyyən müddətə qədər dayandırsa da, hesab edirəm ki, bir müddət sonra qırıcılar Türkiyəyə satılacaq.
“F-35”-lərin ən böyük özəlliyi isə güclü radar sistemi ilə təchiz olunması və havadan müdafiə sistemi funksiyalarını yerinə yetirməsidir. Türkiyə NATO ölkəsidir və Qərb dünyası üçün çox önəmlidir. Sanksiyalar tətbiq olunsa da, müəyyən zamandan sonra yumşalma prosesi başlanacaq”.