Vaşinqtonun Rusiya ilə münasibətlərinin kəskin olması Azərbaycanın önəmini gücləndirir
“ABŞ-Rusiya qarşıdurması Azərbaycana Vaşinqtonun diqqətini artıracaq”.
Bunu “Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasını birtərəfli qaydada tərk etməsi əsasən, Vaşinqtonun yeni dünya nizamını formalaşdırmasına hesablanıb:
“Vaşinqton bununla Rusiyanın ikiqütblü dünya yaratmaq planının qarşısını alır. Birincisi, Rusiyanı silahlanma yarışına cəlb etməklə, iqtisadi inkişafını zəiflədir.
İkinci, öz raketlərini Avropada yerləşdirməklə, Moskvanın Avropaya yönəlik aqressiyasını önləyir. Üçüncüsü isə bir müddətdən sonra daha əlverişli şərtlərlə yeni müqavilə bağlamağa səy göstərir.
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirməklə, öz narahatlıqlarını nümayiş etdirib”.
Siyasi şərhçinin fikrincə, Ağ Ev Şərqi Avropa və Mərkəzi Asiya istiqamətində geosiyasi mövqeyini gücləndirməklə, Moskvanı silah yarışmasına cəlb edəcək:
“ABŞ və Rusiya arasında yaşanan böhran Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Moskvanın qonşularına qarşı siyasəti sərtləşə bilər. Çox güman ki, Rusiya Ermənistanda və Xəzər dənizində hərbi birliklərinə yeni silahlar cəmləşdirəcək.
İndiki şəraitdə Amerikanın Rusiya ilə geosiyasi qarşıdurmada Cənubi Qafqazda öz təsirini artırması gözlənilir. Bunun üçün Azərbaycana Vaşinqtonun diqqəti daha da artacaq. Ermənistana isə Rusiya ilə yaxınlaşmasına görə maliyyə yardımını kifayət qədər azaldacaq.
Ağ Evin bir müddət bundan əvvəl Qarabağdakı rejimə maliyyə yardımını dayandırması, paralel olaraq Azərbaycana 100 milyon dollar maliyyə ayırması Vaşinqtonun Ermənistana təzyiq, Azərbaycana isə önəm verməsi deməkdir”.