Ermənistan altı pillə gerilədi: Paşinyan iqtisadiyyatı iflic duruma salıb

Ermənistan Dünya Bankının “Doing Business 2020” hesabatında altı pillə geriləyib. Ötən il “Doing Business 2019” hesabatında 41-ci yeri tutan Ermənistan bu il reytinq cədvəlində 47-ci yerə düşüb. Lakin Dünya Bankının İrəvan ofisi bunun səbəblərini açıqlamayıb. Azərbaycan “Doing Business”in hesabatlarında hər il daha irəliyə getdiyi təqdirdə düşmən ölkə Ermənistan əksinə, geriyə doğru gedir. Ekspertlərin fikrincə, bu geriləmə ölkədə sərmayə mühitinin və azad biznes üçün şəraitin pisləşməsinin nəticəsidir.

Həmçinin, baş nazir Nikol Paşinyan hökumətinin yarıtmaz iqtisadi siyasəti və verdiyi vədləri yerinə yetirməməsi ilə bağlıdır. Sosial layihələrin icra olunmaması, ölkəyə investisiya qoyulmaması Ermənistanın iqtisadi durumunu iflic vəziyyətə salıb. Artıq erməni cəmiyyətinin bütün təbəqələri, hətta zamanında Paşinyanı dəstəkləyən qüvvələr belə İrəvan hökumətindən narazılıq ifadə edirlər.  



Düşmən ölkənin gərgin durumunu “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib ki, bu gedişlə Paşinyan və ətrafı onsuz da bərbad olan Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq. Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın investisiyaların həcminə görə regionda sonuncu yerdə olması və Azərbaycandan xeyli geridə qalması qətiyyən təəccüblü deyil:

“Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayıb və mövcud durumu düzəltmək üçün Paşinyan hökumətinin əlində heç bir resurs yoxdur. Erməni cəmiyyəti indiki hakimiyyətin dövründə Ermənistanın sosial-iqtisadi böhrandan çıxmasının çətin olacağı qənaətindədir. Ermənistanda korrupsiyanın tüğyan etməsi hamıya məlum olan faktdır və ölkədə sosial-iqtisadi vəziyyətin son dərəcə cansıxıcı olmasının əsas səbəblərindən biridir. Yeni hakimiyyətin gəlməsi faktiki olaraq heç nə dəyişməyib. Buna görə də işğalçı ölkədə hansısa tərəqqidən, firavanlıqdan danışmaq mənasızdır”. 

K.Paşayev hesab edir ki, Ermənistanda sosial-iqtisadi gərginliyin artması Qarabağ problemində Paşinyanın həlledici addım atmasına kifayət etmir:

“Əksinə, ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ətraf rayonların təbii sərvətləri Ermənistan iqtisadiyyatı üçün müəyyən qədər dayaq rolunu oynayır. Paşinyanı Qarabağ münaqişəsinin həllinə yalnız və yalnız hərbi təzyiqləri artıraraq nail olmaq mümkündür”.