Tramp Ərdoğanla razılaşdı: Bir çox məsələlərdə ortaq məxrəcə gəlinib

“Ərdoğanın Amerika səfərini və Donald Trampla görüşünün nəticələrini uğurlu hesab etmək olar”. Bunu Sherg.az-a açıqlamasında "AĞ" Partiyanın başqanı Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, liderlərin mətbuat konfransından göründü ki, görüşdə Türkiyənin maraqları əleyhinə addım atılmayıb: 

“Görünür, bir çox məsələlərdə Amerika Türkiyə ilə ortaq məxrəcə gəlib. Suriya böhranı və “S-400”lər məsələsində, o cümlədən “F-35” və iqtisadi sanksiyalar məsələsində ümumi razılıq əldə olunub. Hətta Avropanın mühacirlərə dəstək məsələsində Amerika prezidenti Tramp da Ərdoğan kimi Avropanı verdiyi sözə əməl etməməkdə qıınadı. Eyni zamanda hazırda 25 milyard civarında olan ticarət anlaşmasının həcmi 100 milyard dollar səviyyəsinə qaldırıldı. Bəlli oldu ki, Ərdoğan Trampla görüşü zamanı siyasi məsələlərin həlli istiqamətində iqtisadiyyatın vasitə edilməməsini tələb edib. Bildiyiniz kimi Türkiyə Amerikadan terrorçu Fətullah Güləni tələb edir. Böyük ehtimal terrorizmlə mübarizə məsələsində də müsbət müzakirələr aparılıb. Diqqət çəkən məqamlardan biri də Ərdoğanın Trampın ona ünvanladığı diplomatik üslubdan kənar və kobud tərzdə yazdığı məktubu prezidentə geri verdiyini qeyd etməsi idi”. 



Tural Abbaslı: "İnanmıram ki, Türkiyə prezidentinin Amerikaya bu səfəri onların Rusiya ilə aralarının soymasına gətirib çıxarsın"


T.Abbaslı vurğulayıb ki, Donald Trampın Ərdoğanın ünvanına söylədiyi təriflər də diqqətəlayiq idi: 

“Bütün bunları göz önünə gətirdikdə təbii ki, səfəri uğurlu adlandırmaq olar. İnanmıram ki, Türkiyə prezidentinin Amerikaya bu səfəri onların Rusiya ilə aralarının soymasına gətirib çıxarsın. Çünki Türkiyə artıq o dövlətlərdən deyil ki, onun qarşısında “ya Amerika, ya Rusiya” şərti qoyulsun. Türkiyə son illərdə sübut edib ki, onun dövlət maraqları hansı addımı atmağı tələb edirsə, tərəddüd etmədən o addımı atır. Bu zaman digər dövlətlərin nə düşündüyü önəm daşımır. Türkiyə istər regionda, istərsə də dünyada söz sahibi olan olkələrdən birinə çevirilib. Odur ki, nə Rusiya, nə də Amerika onunla münasibətləri gərginləşdirmək istəməz”.