27 ildir günahsız yerə həbsxanada cəza çəkən 86 yaşlı qoca azadlığa çıxacağı günü gözləyir.
Sherg.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ahmet Turan Kılıç adlı şəxs həbs olunduğu zaman 60 yaşında imiş.
1934-cü ildə Sivasda anadan olan Ahmet Turan Kılıç televizor və radio ustası kimi fəaliyyət göstərirmiş.
İyulun 2-si 1993-cü ildə Sivasda baş vermiş "Madımak hadisəsi"ndən sonra gecə saat 3-də həbs edilib. Ailəsinə "Madımak olayın"da adı hallandığı üçün həbs olunduğu deyilib. Məlumat üçün bildirək ki, 1993-cü ildə Sivasda tanınmış yazıçı Əziz Nesinin də içərisində olduğu otel yandırılıb və faciəli hadisədə xeyli adam həyatını itirib.
Lakin Ahmet Turan Kılıçın baş verən hadisə ilə yaxından-uzaqdan əlaqəsinin olmadığı dəlil-sübutlarla dəfələrlə isbat olunub. Hətta bunu təsdiq edən 15 şahidin ifadəsi də alınıb. Ancaq illər keçsə də, yaşlı adam həbsdən buraxılmayıb. Həkimlər onun səhhətində ciddi problemlərin olduğunu, cəzası davam edəcəyi təqdirdə həyatını itirə biləcəyini bəyan ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Madımak hadisəsi"də suçsuz yerə həbsdə yatanların olduğunu dəfələrlə gündəmə gətirib. Bu açıqlama məhbusun ailəsini ümidləndirsə də, nəticə olmayıb. Yaşlı dustağın ailəsi isə hesab edir ki, hansısa gizli əl Ahmet Turan Kılıçın azadlığa çıxmasına mane olur.