Dünya Bankının son “Women, Business and the Law 2020” hesabatında göstərilib ki, Səudiyyə Ərəbistanı 2017-ci ildən bəri Yaxın Şərqdə gender bərabərliyi istiqamətində ən çox tərəqqi edən ölkədir.
AZƏRTAC “Al Arabia” telekanalına istinadla xəbər verir ki, 190 ölkənin iqtisadiyyatında qadınların iştirakına dair hesabatda Səudiyyə Ərəbistanı 100 mümkün baldan 70,6 bal toplayıb. Hesabatda zərif cinsin nümayəndələrinin cinsi ayrı-seçkiliyə məruz qalmaması, biznesdə iştirakı və hüquqlarının qorunması amilləri öz əksini tapıb. “Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında qadınların imkan və hüquqlarının ən çox genişləndiyi dövlətdir”, -deyə Dünya Bankının regional direktoru Issam Əbu Süleyman SPA agentliyinə müsahibəsində qeyd edib.
Bildirilir ki, 2019-cu il ölkədə qadın hüquqlarının genişlənməsi sahəsində mühüm il olub. Belə ki, zərif cinsin nümayəndələrinin işlə təmin edilməsi, onların hamiləlik və körpəyə baxma dövründə işdən azad edilməsinin qadağan olunması, maliyyə xidmətlərinin göstərilməsində gender üzrə ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində qanunlar qəbul edilib. Bundan başqa, bu ölkədə qadınlar da kişilərlə birlikdə 60 yaşında təqaüdə çıxa biləcəklər. Səudiyyə Ərəbistanında 21 yaşdan yuxarı qadınların kişilərin müşayiəti olmadan səyahət etməsinə də icazə verilib. Ölkənin ABŞ-a təyin edilmiş ilk qadın səfiri şahzadə Rema bint Bəndər bu islahatların böyük əhəmiyyətini qeyd edib.