ABŞ-ın Hesablama palatası bəyan edib ki, Ağ Ev Konqres tərəfindən Ukrayna üçün ayrılmış 200 milyon dollardan artıq dəyəri olan hərbi yardımı təxirə salmaqla qanunu pozub.
Xarici medianın verdiyi xəbərə görə, nəzarət orqanının yaydığı bəyanatda deyilib ki, Ağ Evin inzibati-büdcə şöbəsi 2019-cu ilin yayında Ukraynaya yardım göstərmək öhdəliyindən qaçıb.
"Qanunun dəqiq icrası prinsipi prezidentə imkan vermir ki, Konqres tərəfindən qəbul edilən qanunları öz siyasi prioritetləri ilə əvəz etsin ... Beləliklə, biz belə bir qənaətə gəldik ki, inzibati-büdcə şöbəsi büdcə vəsaitlərinin xərclənməsinə nəzarət haqqında qanunu pozub", - Hesablama palatasının bəyanatında bildirilir.
Bəyanatda deyilir ki, Konstitusiya prezidentə birtərəfli şəkildə vəsait ayrılmalarının qarşısını almaq səlahiyyətini vermir.
Nümayəndələr palatası 2019-cu ilin dekabrında Trampa qarşı iki maddə - səlahiyyətlərdən sui-istifadə və Konqresin işinə maneə törətmək ittihamları ilə impiçment prosesini başlayıb.
Yanvarın 17-də Prezident Donald Trampın impiçment prosesinin başlanması üçün ABŞ Ali Məhkəməsinin sədri Con Roberts və senatorlar and içiblər.