Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı, karantin elan edilmiş Marneuli və Bolnisi rayonlarına hərbi texnika, eləcə də çadır və xüsusi texnika daşıyan yük maşınları daxil olub.
Sputnik Gürcüstan xəbər verir ki, martın 23-nə keçən gecə Gürcüstan hökuməti Marneuli və Bolnisi bələdiyyələrini ciddi karantin rejiminə keçirməyi qərara alıb.
Daxili İşlər Nazirliyi bu bələdiyyələrdə karantin müddəti bitənədək ictimai asayişi qoruyacaq. Gürcüstan Müdafiə Qüvvələri isə DİN və Marneuli və Bolnisi bələdiyyələri ilə əlaqəli olaraq xüsusi nəzarət-keçid məntəqələrini müdafiə və koordinasiya edəcək.
Xəstəliklərə Nəzarət Mərkəzinin başçısı Amiran Qamkrelidze bəyan edib ki, bu iki rayonun sakinləri ərazini tərk etməməlidirlər.
Onun sözlərinə görə, Marneulidəki "Geo xəstəxana" karantin mərkəzinə çevriləcək və hərarəti olan bütün insanlar oraya müraciət etməlidirlər. Burada onlar koronavirus testindən keçiriləcəklər.
"Tibbi heyət hər bir kənddə hər bir ailəyə baş çəkib mövcud vəziyyəti izah edəcək, qızdırması olanları klinikaya çatdıracaq. Qızdırması olan aşkarlansa, Xəstəliklərə Nəzarət Mərkəzi oradakı insanları izolyasiya edəcək, hər bir nümunəni koronavirus testindən keçirəcək", - Qamkrelidze Birinci kanalın efirində deyib.
Onun sözlərinə görə, 24 saat müddətində xəstəxanaya çatdırılan bütün nümunələr yoxlanacaq və mənfi cavab alınarsa, insanlar gündəlik həyat tərzinə qayıda biləcəklər.
"Müsbət nəticə olan ərazilərdə belə nəticəsi olanlar klinikada qalacaq, sonra isə artıq xüsusi infeksiya klinikasında, yaxud koronavirusun müalicəsi üçün təyin olunmuş klinikada müalicə alacaqlar", - Qamkrelidze deyib.
Martın 21-dən aprelin 21-dək Gürcüstan ərazisində fövqəladə vəziyyət elan olunub.
Martın 22-si axşama olan məlumata görə, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalaraq evə buraxılıb. Karantində 3254 nəfər, stasionarda 233 nəfər saxlanılır.