Türkiyədə Diyarbəkirin Eğil, Ergani, Silvan və Lice rayonlarının, eləcə də Batmanın bələdiyyə sədrləri həbs olunub. Daha bir bələdiyyə sədrinin isə axtarıldığı bildirilir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu vəzifəli şəxslər ölkədə həyata keçirilən çoxistiqamətli antiterror əməliyyatları çərçivəsində saxlanılıblar. Baş Prokurorluğun terrorçuluqla bağlı davam etdirdiyi cinayət işləri əsasında həbs olunan bu şəxslərin evlərində axtarış aparılıb.
Qeyd edək ki, həbs olunan bələdiyyə sədrlərinin hamısı PKK-nın siyasi qanadı hesab olunan Xalqların Demokratik Partiyasının (HDP) mənsublarıdır. Onlar bu partiya tərəfindən namizəd olaraq bələdiyyə sədri seçiliblər.