ABŞ-da iki minə yaxın məhbus həbsxanadan buraxılıb


Los-Anceles dairəsinin hakimiyyət orqanları koronavirusla bağlı yaranmış vəziyyətə görə 1,7 minədək insanı həbsxanalardan buraxıb.

AZƏRTAC xəbər verir ki, bunu Los-Anceles dairəsinin şerifi Aleks Billanueva Facebook səhifəsində canlı yayımlanan mətbuat konfransında bildirib. "Biz 1700-ə yaxın məhbusu buraxmışıq və həbsxanalardakı insanların sayını təxminən 10 faiz azaltmışıq", - şerif belə deyib. O, həmçinin qeyd edib ki, ciddi cinayətlər törətmiş və təhlükəsizliyə təhdid yaradan məhkumlar heç bir halda həbsdən azad edilməyəcək. Şerifin sözlərinə görə, hakimiyyət orqanları evləri olmayan məhkumlar üçün xüsusi sığınacaqlar açıb.

Nyu-Yorkun meri Bill de Blazio bəyan edib ki, yaranmış vəziyyətdə 70 yaşdan yuxarı, yaxud səhhətində problemlər olan heç kəs həbsxanada saxlanmamalıdır. "Mən o qədər də ağır cinayər törətməmiş 300-ə yaxın insanı həbsxanadan yubanmadan buraxmağa hazırlaşıram", - deyə mer bildirib.