Uxanda ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub


Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində 9 həftəlik fasilədən sonra ictimai nəqliyyatın hərəkəti qismən bərpa olunub.

AZƏRTAC şəhər hökumətinə istinadla xəbər verir ki, koronavirusun sürətlə yayılmağa başladığı dövrdə - yanvarın 24-də Uxan şəhərində ən yuxarı səviyyədə fövqəladə hazırlıq vəziyyətinin elan olunması ilə əlaqədar şəhərdə bütün növ ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər Çində virusa yoluxma hallarının xeyli azalması, əvvəllər yoluxmuş xəstələrin böyük hissəsinin sağalması ölkədə epidemik vəziyyəti yaxşılaşdırıb. Bunu nəzərə alan şəhər hökuməti martın 25-dən şəhərdə ictimai nəqliyyatın hərəkətinin bərpasına qərar verib. Şəhərdəki 117 avtobus marşrutu üzrə avtobusların 30 faizi xəttə buraxılıb. Hər bir avtobusa təhkim olunmuş sağlamlıq nəzarətçisi şəhər sakinlərinin COVID-19 xəstəsi olub-olmamasına dair məlumatların toplandığı xüsusi mobil tətbiqdə sərnişinlərin QR kodunu yoxladıqdan sonra onları avtobusa minməyə icazə verir. Mobil tətbiqdə haqqında məlumat olmayan şəxslər evlər idarəsindən sağlamlıq vəziyyətinə dair arayış təqdim etməlidirlər. Sürücülər və sağlamlıq nəzarətçilərinin özlərinin hər gün tibbi müayinəsi aparılacaq, nəqliyyat vasitələri dezinfeksiya ediləcək. Sərnişinlərin, habelə sürücü və nəzarətçilərin maska taxması məcburidir.
Martın 28-dən etibarən Uxanda metro qatarlarının hərəkəti bərpa olunacaq. Həmin gün 6 metro xətti üzrə qatarlar sərnişin daşınmasına başlayacaq. Metro sərnişinlərinin sağlamlıq vəziyyəti avtobuslarda olduğu kimi yoxlanılacaq.

Qeyd edək ki, martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Xubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxan şəhərindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinin isə aprelin 8-də açılması nəzərdə tutulub.