Tramp iqtisadiyyata 2 trilyon dollarlıq dəstəyi nəzərdə tutan qanunu imzalayıb


ABŞ Prezidenti Donald Tramp koronavirusun yayılmasının nəticələri ilə mübarizə məqsədilə 2 trilyon dollardan çox məbləğdə iqtisadi stimullaşdırma tədbirləri haqqında qanun imzalayıb.

APA “TASS”-a istinadən xəbər verir ki, iqtisadi paket bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Bildirilir ki, bu, ABŞ tarixindəki ən böyük yardım tədbiridir. 2008-ci il dünya maliyyə böhranının təsirlərini azaltmaq üçün Konqres 800 milyard dollarlıq bir paket təsdiqləmişdi.

Yeni sənədə əsasən, işsizlik müavinətlərinin ödənilməsi, xəstəxanalara yardım, biznesin və bütün sahələrin təşviqi nəzərdə tutulur. Bundan əlavə, ABŞ vətəndaşları adambaşına təxminən 1,2 min dollar məbləğində birdəfəlik ödəmələr ala biləcək.

Paket böyük şirkətlərə öz səhmlərini geri almayacaqları və işçilərin böyük əksəriyyətini saxlayacaqları təqdirdə təxminən 500 milyard dollar kredit və yardımın verilməsini nəzərdə tutur. Aviaşirkətlər hökumətin səhm iştirakını təmin etməsi müqabilində subsidiyalar almaq hüququna malikdir. Kiçik biznes kreditləri üçün təqribən 350 milyard dollar ayrılıb ki, bunlar əməkhaqqı vermək və ya ipoteka və kirayə haqqını ödəmək üçün istifadə olunarsa, geri qaytarılmasına ehtiyac qalmayacaq.

Eyni zamanda, ştatlarda iyulun 31-dək həftəlik işsizlik müavinətlərini 600 dollaradək qaldırmaq üçün maliyyələşmənin aparıldığı deyilir. Paketə, həmçinin dövlət orqanlarının koronavirusla mübarizəsinə əlavə 340 milyard dollar vəsait də daxildir. Xəstəxanalara və veteranlara tibbi xidmət göstərmək üçün 117 milyard dollardan çox vəsait ayrılacaq.