Tələbat azaldığına görə Amerika fermerləri südü kanalizasiyaya atırlar


Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ABŞ ərazisində məktəb və restoranların qəflətən bağlanması südə tələbatın azalmasına gətirib çıxarıb və fermerlər südü kanalizasiya sisteminə axıtmağa başlayıblar.

AZƏRTAC xəbər verir ki, böyük fermer təsərrüfatlarının nümayəndələri südün atılmasını ictimai iaşə müəssisələri yenidən açılana və tələbat normaya qayıdana qədər davam etdirəcəklərini bildiriblər.

Birləşmiş Ştatlarda istehsal olunan süd məhsullarının təxminən yarısı ictimai iaşə müəssisələrinə göndərilir. Restoranlar və stadionlar çoxlu pendir alır, məktəb yeməkxanalarında uşaqlar isə çoxlu süd içirlər.

Amma indi ölkədə məktəblər və restoranlar bağlanıb, idman tədbirləri dayandırılıb. On minlərlə şirkətin əməkdaşları evdən işləyir. Amerikalılar ev yeməklərinə keçiblər. Bu, süd və pendir kimi məhsulların pərakəndə satışına tələbatı xeyli artırıb. İstehsal olunan məhsulların yarısının qablaşdırılma sisteminə keçirilməsi isə bir neçə ay vaxt tələb edir.